Hörmüz boğazı ətrafında hərbi-siyasi gərginlik artdıqca, İranın Fars körfəzindəki adaları yenidən əsas strateji mövzulardan birinə çevrilib.
Son günlər ABŞ-ın mümkün hərbi ssenarilərində əsas hədəflərdən birinin İranın xam neft ixracının böyük hissəsinin keçdiyi Xarq adası ola biləcəyi barədə məlumatlar yayılıb.
Bununla belə, Xarq adası İranın dəniz strategiyasında tək deyil. 2022-ci ildə Sun Yat-sen Universiteti ilə əlaqəli tədqiqatçılar Enayatollah Yazdani və Ma Yanzhe tərəfindən dərc olunmuş araşdırmada İranın yeddi adasının — Əbu-Musa, Böyük Tomb, Kiçik Tomb, Həngam, Qeşm, Lərək və Hörmüz adalarının — boğaz üzərində nəzarət baxımından vahid “müdafiə qövsü” formalaşdırdığı vurğulanır. Məqalədə qeyd olunur ki, bu adaları birləşdirən xətt İranın Hörmüz boğazında strateji üstünlüyünü anlamaq üçün əsas açarlardan biridir.
Bu qövsün ən həssas hissəsi qərbdə yerləşən Əbu-Musa, Böyük Tomb və Kiçik Tomb adaları hesab olunur. Tədqiqatda və onu sitat gətirən son materiallarda bildirilir ki, əsas gəmiçilik marşrutları məhz, bu zonaya yaxın keçir. Dayaz sular və məhdud keçidlər səbəbindən iri tanker və hərbi gəmilər bu sahədən uzaqlaşa bilmir. Bu isə həmin adaları boğaza nəzarət üçün xüsusilə qiymətli edir.
Analitiklər hesab edirlər ki, bu coğrafi mövqe İranın SEPAH-a bağlı sürətli katerlər, mina döşəyən vasitələr, sahil raket sistemləri və pilotsuz aparatlarla gəmiçiliyə təzyiq imkanlarını artırır. “Reuters” martın 23-də yazırdı ki, İranın Müdafiə Şurası cənub sahillərinə və “strateji adalara” hücum olacağı təqdirdə dəniz minaları ilə marşrutların bağlanacağını açıq şəkildə bəyan edib. Bu xəbərdarlıq göstərir ki, Tehran həmin adaları yalnız müdafiə məntəqəsi yox, həm də cavab zərbəsi platforması kimi görür.
Hazırda beynəlxalq diqqət əsasən Xarq adasına yönəlib, çünki İranın neft ixracının böyük hissəsi məhz bu terminal üzərindən həyata keçirilir. Amma daha geniş hərbi tablo göstərir ki, Hörmüz boğazına real nəzarət məsələsi yalnız Xarqla həll olunmur. Əksinə, Qeşm, Lərək, Hörmüz, Həngam və xüsusən də Əbu-Musa ilə Tomb adaları birlikdə İranın dəniz “kilid sistemi”nin əsas halqaları sayılır. Bu, mövcud açıq mənbələrdən çıxan analitik nəticədir.
Bu fonda Fransa da Hörmüzdə mümkün beynəlxalq missiya üçün 35 ölkə ilə təmas apardığını açıqlayıb. “Reuters” yazır ki, plan “tam müdafiə xarakterli” kimi təqdim olunur. Bu da göstərir ki, Qərbdə əsas narahatlıq yalnız İranın sahil xətti yox, məhz boğazı nəzarətdə saxlayan ada zənciridir.