İsrailin Qəzza zolağına yönələn hücumları nəticəsində üç oğlunu itirən və özü də ayağından yaralanan 80 yaşlı fələstinli rəssam Məhəmməd Əbdülcəlil Zemlut yaşadığı ağır faciələrə baxmayaraq sənət vasitəsilə həyata tutunmağa çalışır.
Qəzzanın şimalından davam edən hücumlar səbəbilə köçkün düşən Zemlut sağ qalan ailə üzvləri ilə birlikdə Qəzza zolağının mərkəzində yerləşən Bureyc Qaçqın Düşərgəsindəki çadırda sığınacaq tapıb. Ömrünün 30 ilini təhsilə və incəsənətə həsr edən rəssam çadır şəraitində çəkdiyi rəsmlərdə fələstin xalqının çəkdiyi əzabları, müharibədən əvvəlki xoş günləri və hücumların buraxdığı dərin izləri əks etdirir.

Zemlut İsrail hücumlarında oğulları Şadi, Əli və Abdullahı itirdiyini, bu ağrını sənətlə yüngülləşdirməyə çalışdığını bildirib. Ayağından yaralı olduğunu və ən əsas yaşayış şəraitindən məhrum qaldığını deyən rəssam sənətin onun üçün həm müqavimət, həm də özünü ifadə vasitəsi olduğunu vurğulayıb.

1970-ci ildə Qahirə Gözəl Sənətlər Fakültəsini bitirdiyini söyləyən Zemlut uzun illər Livan və Səudiyyə Ərəbistanında sənət müəllimi kimi çalışdığını, 1995-ci ildə Fələstinə qayıtdıqdan sonra isə yaradıcılığını davam etdirdiyini deyib. Səksən yaşında olmasına baxmayaraq bu müharibədə xalqı ilə birlikdə böyük ağrılar yaşadığını bildirən rəssam, hücumlardan sonra sənətə daha çox sarıldığını və rəsmlər vasitəsilə daxili iztirabını kətanlara köçürdüyünü qeyd edib. O, çəkdiyi əsərlərlə dünyaya Qəzzada yaşananları çatdırmaq istədiyini bildirərək, İsrail hücumlarında üç övladının həlak olduğunu və rəsm çəkməklə həyata bağlanmağa çalışdığını söyləyib. Zemlut rəsmlərində təkcə hücumların acı tərəfini deyil, həm də fələstinlilərin müharibədən əvvəlki həyatını, sevincini və mədəniyyətini təsvir etdiyini vurğulayıb.

Rəssam sənət vasitəsilə bütün duyğularını ifadə etdiyini deyərək, şəhidləri, şəhid analarını, bir ananın oğlunu necə qarşılayıb necə yola saldığını rəsmlərində canlandırdığını anlatıb. Şəhid analarının və bacılarının başları üzərində sülh rəmzi olan göyərçinlər çəkdiyini deyən Zemlut bu səhnələri xəyalında quraraq kətanlara köçürdüyünü bildirib. Çadırda yaşamağın son dərəcə ağır olduğunu söyləyən rəssam insanların tab gətirə bilməyəcəyi çətinliklərlə üzləşdiyini etiraf edib. Zaman-zaman çadırın qarşısına çıxaraq ətrafı seyr etdiyini deyən Zemlut dimdik duran ağaclara baxdığını, Allahdan onu da həmin ağaclar kimi güclü etməsini dilədiyini və gördüyü hər şeyi rəsmlərinə köçürdüyünü bildirib.
Bureyc Qaçqın Düşərgəsindəki çadırında ağır şəraitdə yaşayan Zemlut xüsusilə övladlarının itkisini əks etdirən bir tablosunun həm özü, həm də tamaşaçılar üçün çox sarsıdıcı olduğunu qeyd edib. O tablonun şəhid oğullarının başında dayanan yaşlı bir atanın təsviri olduğunu deyən rəssam həmin əsərə baxarkən ağladığını, görənlərin də göz yaşlarını saxlaya bilmədiyini söyləyib. Zemlut bu rəsmlərlə dünyaya səsləndiyini, yaşlı sənətçilərə sahib çıxılmasını istədiyini və həm özünün, həm də fələstin xalqının yaşadığı bu acıların unudulmamasını xahiş edərək beynəlxalq ictimaiyyətə yardım çağırışı edib.