15 yaşlı 57 kq-lıq sumoçu özündən 3 dəfə ağır rəqibini məğlub etdi

Yaponiyada 15 yaşlı, cəmi 57 kq çəkisi olan sumoçu Tenken Şinmiçi özündən üç dəfədən çox ağır rəqibinə qalib gəlib. Gənc idmançının qələbəsi böyük marağa səbəb olub.

42

Yaponiyada 15 yaşlı, cəmi 57 kiloqram çəkisi olan sumoçu Tenken Şinmiçi özündən üç dəfədən çox ağır rəqibini məğlub edərək diqqət mərkəzinə düşüb. Gənc idmançı 180 kiloqramdan ağır rəqibinə qarşı qələbə qazanıb.

MSNews.az xəbər verir ki, bu barədə Yaponiyanın “ABEMA Times” nəşri məlumat yayıb.

Noyabrın 16-da Fukuokada keçirilən Kyuşu sumo turnirində Şinmiçi 180,1 kiloqram çəkisi olan rəqibi ilə qarşılaşıb. Aralarındakı çəki fərqi 123 kiloqramdan çox olsa da, 15 yaşlı idmançı rəqibini məğlub etməyi bacarıb.

Maraqlıdır ki, Şinmiçi bir gün əvvəl də özündən xeyli ağır olan, 139,9 kiloqram çəkili Hondanı məğlub edərək noyabr turnirində ilk qələbəsini qazanmışdı.

“ABEMA Times” nəşrinin məlumatına görə, 165 santimetr boyu və 57 kiloqram çəkisi olan Şinmiçi hazırda Yaponiyanın ən yüngül peşəkar sumoçusudur.

Gənc idmançı əvvəllər Braziliya ciu-citsusu və qarışıq döyüş sənətləri ilə məşğul olub. Fiziki göstəriciləri standart tələblərə uyğun gəlməsə də, xüsusi atletik qabiliyyət imtahanından keçərək peşəkar sumoya qəbul edilib.