Fransanın “Metz” klubunun 19 yaşlı futbolçusu Tahiris Dos Santos İsveçrənin Krans-Montana kurortunda baş verən yanğından sonra sevgilisi Kolin ilə birlikdə ilk dəfə ictimaiyyət qarşısına çıxıb.
Dos Santos və sevgilisi “Metz”in “Brest”lə oyunu öncəsi stadionda təşkil olunan simvolik start zərbəsi mərasimində iştirak ediblər. Onlarla birlikdə yanğından xilas olan Lüksemburq millisinin üzvü Eliot Telen də meydanda olub. Stadion diktoru üç gənci azarkeşlər qarşısında “qəhrəmanlar” kimi təqdim edib.

Faciə yanvarın 1-nə keçən gecə İsveçrənin Krans-Montana xizək kurortundakı “Le Constellation” barında baş verib. Hadisə zamanı Dos Santos binadan çıxa bilsə də, sevgilisinin içəridə qaldığını anlayandan sonra alovların arasına geri qayıdıb və onu xilas edib. Nəticədə futbolçu bədəninin təxminən 30 faizindən yanıq xəsarətləri alıb.
Kolin də ağır xəsarətlər alıb və bir müddət süni komada saxlanılıb. “RTL Today”-in məlumatına görə, cütlük yanğından sonra yalnız yanvarın 28-də Metz xəstəxanasında yenidən görüşə bilib. Hər ikisi daha sonra xəstəxanadan buraxılıb, Dos Santos isə bərpa prosesində yüngül qaçış məşqlərinə də başlayıb.
Ağır hadisədən sonra futbolçunun karyerasını davam etdirib-etdirməyəcəyi sual altında qalsa da, Dos Santos bərpa prosesində irəliləyişə nail olub. “Metz” klubu aprelin 20-də onun ilk peşəkar müqaviləsini imzaladığını açıqlayıb. 19 yaşlı müdafiəçi klubla bir illik müqaviləyə imza atıb və 2027-ci ilin iyununadək “Metz”ə bağlı olacaq.