Ulu Öndər Heydər Əliyevin formalaşdırdığı gənclər siyasəti müasir Azərbaycan gəncliyinin dövlət quruculuğunda fəal rolunun müəyyən edilməsində həlledici amil olub. Bunu “Gəncliyin Təşəbbüsü” Maarifləndirmə İctimai Birliyinin sədri Azər Əliyev açıqlamasında bildirib.
Azər Əliyev qeyd edib ki, Ümummilli Liderin həyata keçirdiyi siyasət Azərbaycan gəncliyini milli inkişaf prosesinin aparıcı qüvvəsinə çevirib: “Heydər Əliyevin gənclərə yönəlik siyasəti Azərbaycan gəncliyini dövlət quruculuğunda fəal iştirak edən əsas qüvvə kimi formalaşdırdı. O, gənclərin təhsilini, mənəvi-ideoloji yetişməsini və təşəbbüskarlığını prioritet hesab edirdi.”
O vurğulayıb ki, bu strateji yanaşmanın nəticələri tarixdə öz təsdiqini tapıb: “Düzgün qurulan siyasət və formalaşdırılan dəyərlər sayəsində 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi altında gənclərimizin şücaəti özünü aydın göstərdi.”
İctimai birlik sədrinin sözlərinə görə, xüsusilə regionlarda gənclərin fəallığı artmaqdadır: “Bizim regionda – Qazaxda – gənclərlə işləyərkən görürük ki, onlar yerli problemlərin həllinə maraqlıdır və təşəbbüskar ruhdadır.”
Azər Əliyev bu gün gənclərin üzləşdiyi yeni çağırışlara da diqqət çəkib: “Rəqəmsal transformasiya, bölgələrarası bərabər inkişaf və gənclərin beynəlxalq mühitdə rəqabət qabiliyyətinin artırılması əsas çağırışlardandır. Dövlətimiz müxtəlif layihələr və proqramlarla gəncləri dəstəkləyir və onların inkişafını təmin edir.”
O sonda bildirib ki, Azərbaycan gəncliyi dövlət siyasətinin prioritet sahələrindən biri olaraq öz potensialını yüksək səviyyədə reallaşdırır: “Azərbaycan gəncliyi bu gün artıq inkişaf edir və hər bir gənc öz potensialını Vətən üçün ən yüksək səviyyədə reallaşdırır.”