İlham Əliyev dövlət qurumlarında rəqəmsallaşma və süni intellekt üzrə yeni tapşırıqlar verdi

Prezident İlham Əliyev dövlət qurumlarında rəqəmsallaşma, süni intellekt və kibertəhlükəsizlik üzrə ayrıca məsul şəxslərin təyin olunmasını tapşırıb. Vahid platforma və koordinasiya sistemi yaradılacaq.

30

İlham Əliyev dövlət qurumlarında rəqəmsallaşma və süni intellekt sahəsinin gücləndirilməsi ilə bağlı konkret tapşırıqlar verib. Dövlət başçısı bildirib ki, hər bir dövlət orqanında, ilk növbədə nazirliklərdə rəqəmsallaşma, süni intellekt və kibertəhlükəsizlik istiqaməti üzrə ayrıca məsul müavin müəyyən edilməlidir.

Bunu dövlət başçısı “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə səsləndirib.

Prezident vurğulayıb ki, bu məqsədlə ya yeni ştat vahidi yaradılmalı, ya da mövcud müavinlərdən biri bu sahəyə cavabdeh təyin olunmalıdır. Məqsəd isə dövlət qurumları ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi arasında operativ və aydın koordinasiyanın təmin edilməsidir.

Dövlət başçısı qeyd edib ki, rəqəmsallaşma və süni intellekt hər bir dövlət qurumunda prioritet istiqamət kimi qəbul edilməlidir. Onun sözlərinə görə, dövlət strukturları arasında sıx koordinasiya təmin olunmalı, pərakəndəliyə yol verilməməlidir. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi digər qurumlarla birlikdə qısa müddətdə tədbirlər planı hazırlayaraq Prezidentə təqdim etməlidir.

Prezident son illərdə müxtəlif dövlət qurumları tərəfindən ayrı-ayrı platforma və tətbiqlərin yaradıldığını xatırladıb. O bildirib ki, artıq bu proses koordinasiyalı şəkildə aparılmalı, mövcud platformalar mərhələli şəkildə vahid sistemdə birləşdirilməli və paralel mexanizmlər ləğv edilməlidir. Vətəndaşlara göstərilən bütün xidmətlərin vahid mərkəzdən təqdim olunması əsas hədəf kimi müəyyənləşdirilib.

Dövlət başçısı əlavə edib ki, bu sahədə əldə olunmuş təcrübə və mövcud kadr potensialı qorunmalı, ümumi sistemə inteqrasiya edilməlidir. Bununla yanaşı, kadr hazırlığı əsas vəzifələrdən biri kimi qiymətləndirilib. Prezident bildirib ki, ali təhsil müəssisələrində və xaricdə təhsil alan tələbələr arasında süni intellekt və rəqəmsal texnologiyalar üzrə ixtisaslaşma genişləndirilməlidir. Orta məktəblərdə isə baza biliklərinin aşılanması üçün tədris proqramlarında dəyişikliklər edilməlidir.

İlham Əliyevin sözlərinə görə, məsələni şəxsi nəzarətə götürməsi və keçirilən müşavirə xarici tərəfdaşlara da ciddi siqnal olacaq ki, Azərbaycan rəqəmsal transformasiya və süni intellekt sahəsini strateji prioritet hesab edir.