Türkiyənin BMT Baş katibi vəzifəsinə namizədi, ATƏT-in hazırkı Baş katibi Feridun Sinirlioğlu BMT Təhlükəsizlik Şurasında keçirilən ilkin səsvermədə kifayət qədər dəstək qazana bilməyib. Türkiyəli diplomat 8 mənfi, 3 müsbət səs alaraq namizədlər arasında altıncı pillədə qərarlaşıb.
MSNews.az xəbər verir ki, noyabrın 5-də BMT Təhlükəsizlik Şurasının 15 üzvünün iştirakı ilə növbəti qeyri-rəsmi səsvermə keçirilib.
“The National” nəşrinin diplomatik mənbələrə istinadən yaydığı məlumata görə, Sinirlioğlunun namizədliyini 3 ölkə dəstəkləyib, 8 ölkə əleyhinə mövqe bildirib, 4 ölkə isə bitərəf qalıb.
Səsvermədə ən yüksək nəticəni Kosta Rikanın namizədi Rəbeka Qrinspan göstərib. O, 12 müsbət və 3 mənfi səs alıb. Argentinadan Rafael Qrossi isə 9 müsbət səslə ikinci yerdə qərarlaşıb.

Bununla belə, 8 mənfi səs Sinirlioğlunun namizədliyinin avtomatik ləğvi demək deyil. İlkin səsvermələr məsləhət xarakteri daşıyır və namizədlərin dəstək səviyyəsini müəyyənləşdirmək məqsədi daşıyır.
BMT-nin rəsmi proseduruna əsasən, Təhlükəsizlik Şurası yekun namizədi Baş Assambleyaya tövsiyə etməlidir. Yalnız bundan sonra Baş katibin təyinatı rəsmiləşdirilə bilər.
Qeyd edək ki, Türkiyə Sinirlioğlunun namizədliyini oktyabrın 30-da irəli sürüb. Azərbaycan Xarici İşlər Nazirliyi də bu təşəbbüsü dəstəklədiyini açıqlayıb.
BMT-nin hazırkı Baş katibi Antonio Quterreşin səlahiyyət müddəti 2026-cı il dekabrın 31-də başa çatacaq.