Türkiyədə televiziya kanallarının və internet platformalarının süni intellekt vasitəsilə avtomatik izlənilməsi üçün yeni sistem hazırlanır. “Via+” adlı platforma 800-dən çox telekanalın yayımını təhlil edəcək və mümkün qanun pozuntularını aşkar edəcək.
MSNews.az xəbər verir ki, bu barədə Türkiyənin Radio və Televiziya Ali Şurasının (RTÜK) sədri Mehmet Daniş noyabrın 8-də açıqlama verib. Məlumat RTÜK-ün rəsmi saytında və “TRT Haber” nəşrində dərc olunub.
Danişin sözlərinə görə, sistem eyni vaxtda altı peyk üzərindən 800-dən çox telekanalı izləyə, həmçinin internet əsaslı media platformalarındakı məzmunu təhlil edə biləcək.
“Via+ gündə 19 200 saatlıq danışığı təhlil edə, məzmunu 12 dilə tərcümə edə və 300 milyondan çox video kadrını yoxlaya biləcək”, – deyə RTÜK rəhbəri bildirib.
Süni intellekt yayımlardakı səs və görüntüləri araşdıraraq Türkiyənin yayım qanunvericiliyinin mümkün pozuntularını müəyyənləşdirəcək və müvafiq hesabatları RTÜK əməkdaşlarına göndərəcək.
Mehmet Daniş yeni sistemi Türkiyənin müdafiə sahəsindəki “Polad qübbə” layihəsi ilə müqayisə edib:
“Necə ki, müdafiə sahəsində Polad qübbəmiz var, Via+ da media sahəsində bizim Polad qübbəmiz olacaq”.
Nazirin sözlərinə görə, layihənin 90 faizi tamamlanıb, hazırda sınaqlar, mütəxəssislərin təlimi və sistemin mövcud nəzarət infrastrukturuna inteqrasiyası davam edir.
Bununla belə, “Via+”ın canlı yayımı müstəqil şəkildə dayandırmaq və ya avtomatik cəza tətbiq etmək səlahiyyəti yoxdur. RTÜK-ün açıqlamasına əsasən, sistem yalnız ilkin hesabat hazırlayacaq, yekun qiymətləndirmə və qərar isə qurumun mütəxəssisləri tərəfindən veriləcək.