Şimali Koreyanın oğurlanmış və saxta şəxsiyyətlər, süni intellekt alətləri və ABŞ-dakı vasitəçilərdən istifadə edərək öz İT mütəxəssislərini Amerika şirkətlərində uzaqdan işlərə yerləşdirdiyi üzə çıxıb. ABŞ Federal Təhqiqatlar Bürosunun (FBI) məlumatına görə, minlərlə şimali koreyalı operativ ABŞ şirkətlərində iş əldə etməyə çalışır.
MSNews.az xəbər verir ki, “The Wall Street Journal” bir il davam edən araşdırması zamanı belə qruplardan birinin fəaliyyətini izləyib. Həmin qrup üç aydan bir qədər artıq müddətdə 1000-dən çox şirkətə iş üçün müraciət edib. Araşdırmaya görə, şimali koreyalılar süni intellektdən CV və motivasiya məktubları hazırlamaq, müsahibə suallarına cavab vermək, hətta üz dəyişdirmə texnologiyaları ilə görünüşlərini gizlətmək üçün istifadə ediblər.
Sxemin mühüm hissələrindən biri ABŞ ərazisindəki vasitəçilərdir. Onlar şirkətlər tərəfindən göndərilən noutbukları öz ünvanlarında saxlayaraq Şimali Koreya ilə əlaqəli şəxslərin həmin cihazlara xaricdən qoşulmasına şərait yaradırlar. ABŞ Ədliyyə Nazirliyi 2025-ci ildə açıqladığı araşdırmalardan birində oğurlanmış şəxsiyyətlərdən istifadə edən bu şəbəkənin 100-dən çox ABŞ şirkətində iş əldə etdiyini və milyonlarla dollar gəlir yaratdığını bildirib.
ABŞ rəsmilərinə görə, ayrı-ayrı şimali koreyalı İT işçiləri ildə 300 min dollara qədər gəlir əldə edə bilirlər. ABŞ Maliyyə Nazirliyi Pxenyanın xaricdə çalışan bu şəxslərin maaşlarının 90 faizinə qədərini mənimsədiyini bildirir. Nazirliyin 2026-cı ilin martında açıqladığı məlumatda isə Şimali Koreyanın İT işçiləri vasitəsilə həyata keçirdiyi sxemlərin təkcə 2024-cü ildə təxminən 800 milyon dollar gəlir yaratdığı qeyd olunur. ABŞ tərəfi bu vəsaitlərin kütləvi qırğın silahları və ballistik raket proqramlarının maliyyələşdirilməsinə xidmət etdiyini bildirir.
Şimali Koreya isə bu ittihamları qəbul etmir. “Reuters” yazır ki, Pxenyan avqustun əvvəlində ABŞ və müttəfiqlərinin Şimali Koreyanın kibertəhlükələri və saxta İT işçiləri ilə bağlı iddialarını “əsassız” və siyasi təzyiq vasitəsi adlandırıb.