Tibb Universitetinin tələbəsinin yataqxanada meyiti tapıldı

Azərbaycan Tibb Universitetinin 17 yaşlı tələbəsi Elvira Eyyubova yataqxanada ölü tapılıb. ATU hadisə ilə bağlı açıqlama yayıb, ölümün səbəbləri araşdırılır.

47

Bakıda Azərbaycan Tibb Universitetinin (ATU) 17 yaşlı tələbəsi Elvira Eyyubova yaşadığı yataqxanada ölü tapılıb. Hadisənin səbəbləri hələlik müəyyən edilməyib.

MSNews.az xəbər verir ki, hadisə noyabrın 14-də universitetin Nəsimi rayonunda yerləşən yataqxanasında baş verib.

“Oxu.az”ın məlumatına görə, 2009-cu il təvəllüdlü Elvira Eyyubovanın meyitini onunla birlikdə yaşayan bacısı aşkarlayıb.

TƏBİB-dən “APA”ya bildirilib ki, noyabrın 14-də saat 15:00 radələrində yataqxanadan təcili tibbi yardım çağırışı daxil olub. Hadisə yerinə göndərilən briqada tələbənin həkiməqədər ölümünü qeydə alıb. Meyit müayinə üçün aidiyyəti ekspertiza qurumuna təhvil verilib.

Azərbaycan Tibb Universiteti noyabrın 15-də yaydığı açıqlamada Elvira Eyyubovanın I Müalicə-profilaktika fakültəsinin III kurs tələbəsi olduğunu bildirib.

Universitet rəhbərliyi mərhumun ailəsinə başsağlığı verərək ölümün səbəbləri barədə rəsmi məlumat əldə edildikdən sonra ictimaiyyətin məlumatlandırılacağını açıqlayıb.

Ölümün dəqiq səbəbi hələlik rəsmi təsdiqini tapmayıb. Faktla bağlı araşdırma davam etdirilir.