Rusiya ilk dəfə Türkiyədən dəniz yolu ilə benzin almağa başlayıb

Rusiya neft emalı zavodlarında istehsalın azalması və daxili yanacaq çatışmazlığı fonunda ilk dəfə Türkiyədən dəniz yolu ilə benzin tədarük edir. Tanker Mersin limanından Rusiyaya yola düşüb.

39

Rusiya neft emalı zavodlarının fəaliyyətində ciddi fasilələr və daxili bazarda benzin çatışmazlığı fonunda ilk dəfə Türkiyədən dəniz yolu ilə benzin tədarük etməyə başlayıb.

MSNews.az xəbər verir ki, “S&P Global” məlumatına görə, Türkiyənin Mersin limanında yüklənən Wendrix tankeri avqustun sonunadək Rusiyanın Baltik dənizindəki limanlarından birinə çatmalıdır. Gəminin daşıdığı benzin partiyasının həcmi təxminən 200 min bareldir. Tankerin konkret hansı Rusiya limanında boşaldılacağı açıqlanmayıb.

Rusiyanın “Kommersant” nəşri də bunun Türkiyədən Rusiyaya dəniz yolu ilə həyata keçirilən ilk məlum benzin tədarükü olacağını yazır. Wendrix 25–50 min ton dedveytə malik MR sinifli tankerdir; buna görə bəzi xəbərlərdə göstərilən “50 min ton benzin” rəqəmi yükün faktiki həcmini deyil, gəminin maksimal daşıma qabiliyyətini ifadə edir.

Bu, iyulun sonundan bəri Rusiyanın qəbul etdiyi beşinci təsdiqlənmiş dəniz yolu ilə benzin partiyasıdır. Əvvəlki yüklər Hindistan mənşəli yanacaq və Mərakeşdə yüklənmiş partiyalardan ibarət olub. S&P Global-ın gəmi izləmə məlumatlarına görə, Rusiya həmin dövrdə dəniz yolu ilə ümumilikdə 1 milyon bareldən çox benzin idxal edib.

Rusiyanın xaricdən yanacaq almağa başlamasının əsas səbəbi ölkə daxilində neft emalının kəskin azalmasıdır. S&P Global analitiklərinin hesablamalarına görə, iyulda Rusiya neft emalı zavodlarının xam neft emalı sutkada təxminən 3,7 milyon barel təşkil edib ki, bu da 2025-ci ilin orta göstəricisindən 28 faiz aşağıdır.

NEFT Research-in xarici kommunikasiyalar üzrə direktoru Dmitri Prokofyev isə hazırkı yerli benzin istehsalının daxili tələbatın təxminən 65–75 faizini qarşıladığını bildirib. Onun qiymətləndirməsinə görə, idxalın hazırkı həcmi belə yaranmış boşluğu tam bağlamaq üçün yetərli deyil.

İstehsaldakı geriləmə Ukraynanın Rusiya neft emalı infrastrukturuna intensiv PUA hücumları, planlı və qəza təmirləri, eləcə də yay mövsümündə tələbatın artması ilə əlaqələndirilir. Avqustun əvvəlindən etibarən bir sıra iri zavodlarda istehsal dayanıb və ya məhdudlaşdırılıb. Orsk, TANECO, İlsk, Başneft-Novoil və Yaroslavl müəssisələri də son hücumların hədəfləri sırasında olub.

Yanacaq problemi artıq Rusiyanın çoxsaylı regionlarında hiss olunur. “Reuters” avqustun ortalarında ən azı 10 regionda yerli hakimiyyətlərin benzin satışına yenidən məhdudiyyətlər tətbiq etdiyini bildirmişdi. Sonrakı hesablamalarda isə çatışmazlığın ən azı 14 regionu, o cümlədən Moskvanı əhatə etdiyi qeyd olunur.

Moskvada və Moskva vilayətində də bəzi böyük yanacaqdoldurma şəbəkələri bir avtomobilə satılan benzinin həcmini məhdudlaşdırıb. “Reuters”in məlumatına görə, “Rosneft”, “Gazprom Neft”, “Lukoil” və “Tatneft” daxil olmaqla iri şirkətlər müxtəlif həcmdə limitlər tətbiq ediblər.

Rusiya hökuməti daxili bazarda təchizatı sabitləşdirmək üçün yanacaq ixracına məhdudiyyətləri də sərtləşdirib. Hökumətin 30 iyul tarixli qərarına əsasən, benzin ixracına qadağa 31 yanvar 2027-ci ilədək qüvvədə qalacaq. Qadağada hökumətlərarası sazişlər və bəzi digər xüsusi hallar üçün istisnalar nəzərdə tutulub.

Beləliklə, dünyanın ən iri neft istehsalçılarından və ənənəvi neft məhsulları ixracatçılarından biri olan Rusiyanın Türkiyə də daxil olmaqla xarici bazarlardan benzin almağa başlaması ölkənin emal sektorundakı problemlərin miqyasını göstərən qeyri-adi tendensiyaya çevrilib.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.