Yeni münaqişə ocaqları və qlobal təhlükəsizlik riskləri

Bu yazıda 2025-ci ildən 2026-cı ilə keçid dövründə qlobal münaqişələr, Rusiya–Ukrayna müharibəsi, ABŞ-nin yeni təhlükəsizlik strategiyası və Türkiyə–Yunanıstan gərginliyi analitik təhlil edilir.

68

Geridə qalan 2025-ci il də tarixə sülh ili kimi düşmədi, əksinə, qlobal miqyasda artan geosiyasi gərginliklər, mövcud münaqişələrin dərinləşməsi və yeni konflikt ocaqlarının formalaşması beynəlxalq sistemin nə qədər kövrək olduğunu bir daha nümayiş etdirdi. Sülh və sabitliyin asan əldə olunmadığı bir reallıqda, 2026-cı ilə ötürülən risklər artıq ilkin fazasını 2025-ci ildə keçmiş hesab oluna bilər.

Bu baxımdan Rusiya–Ukrayna müharibəsi hələ də qlobal təhlükəsizlik gündəminin əsas mərkəzində qalmaqdadır. Münaqişənin sonlandırılması üçün diplomatik cəhdlər edilsə də, xüsusilə ilin ikinci yarısında Rusiyanın intensivləşən hücum əməliyyatları Ukrayna ordusunu ciddi hərbi-siyasi təzyiq altına saldı. Ukrayna tərəfi əks-hücum potensialını qoruyub saxlayır, lakin müharibənin strateji nəticəsinin Kiyev üçün arzuolunan səviyyədə olması əlavə və davamlı beynəlxalq dəstək olmadan çətin görünür. Bu fonda artan hərbi xərclər Avropada müharibənin əvvəlində sərgilənən “sərt ritorikanın” tədricən yumşalmasına səbəb olmuşdur.

2025-ci ilin noyabrında ABŞ-nin yeni Milli Təhlükəsizlik Strategiyasının (MTS) qəbul edilməsi isə Avropa təhlükəsizlik arxitekturası üçün dönüş nöqtəsi kimi qiymətləndirilə bilər. Yeni sənəd ABŞ xarici siyasətinin prioritetlərini dəyişərək diqqəti Avropadan Qərb yarımkürəsinə və Çinə yönəldir. “Monro doktrinası”na əlavə olunan və şərti olaraq “Tramp Əlavəsi” adlandırılan yanaşma ABŞ-nin qlobal hegemonluqdan qismən geri çəkilməsinin zəruriliyini vurğulayır. Bu isə Avropa dövlətlərini artan təhlükəsizlik xərcləri və davam edən münaqişələrlə faktiki olaraq təkbaşına və üz-üzə qoyur. 2026-cı il Avropa üçün həm strateji, həm də siyasi baxımdan çətin qərarların qəbul ediləcəyi bir il olacaq.

Digər risk zonalarından biri Türkiyə–Yunanıstan münasibətləridir. Uzunmüddətli gərginlik 2026-cı ildə siyasi-diplomatik böhran mərhələsinə keçə bilər. Yunanıstanın müdafiə naziri Nikos Dendiasın Egey dənizi adalarında raket sistemlərinin yerləşdirilməsi ilə bağlı açıqlaması, xüsusilə Türkiyənin PUA texnologiyalarındakı üstünlüyü fonunda regional balansın dəyişdiyini göstərir. Bu proseslər fonunda Avropa İttifaqının yeni təhlükəsizlik sistemində Türkiyəni kənarda saxlaması və Yunanıstanı ön plana çıxarması Ankara üçün əlavə təhlükəsizlik dilemması yaradır. İsrail–Yunanıstan–Kipr xəttində formalaşan əməkdaşlıq da bu kontekstdə Türkiyəyə qarşı dolayı təzyiq mexanizmi kimi dəyərləndirilə bilər.

Bununla belə, 2026-cı ildə Türkiyə və Yunanıstan arasında birbaşa hərbi münaqişə ehtimalı yüksək deyil. NATO üzvü olan iki dövlətin açıq müharibəyə girməsi Alyansın funksionallığını sual altına qoya bilər. Daha real ssenari isə uzunmüddətli siyasi qarşıdurma və diplomatik böhrandır.

Qlobal miqyasda isə ABŞ–Çin münasibətlərinin gərginliyi davam edəcək. ABŞ-nin diqqətini Avropadan çəkərək Çinə yönəltməsi iqtisadi və siyasi qarşıdurmanı daha da dərinləşdirə bilər. ABŞ-nin Amerika qitəsində nüfuzunu artırmaq cəhdləri isə Venesuela ilə münasibətlərin gərginləşməsi riskini artırır. Buna baxmayaraq, Donald Trampın Nobel Sülh Mükafatı iddiaları kontekstində ABŞ-nin Venesuelaya qarşı genişmiqyaslı quru əməliyyatlarına başlaması real görünmür. Daha çox məhdud və simvolik hərbi təzyiq vasitələri ehtimal olunur.

Rusiya–Ukrayna müharibəsinin 2026-cı ildə də davam edəcəyi ehtimalı yüksəkdir. Hər iki tərəf diplomatik masada üstün mövqeyə sahib olmaq üçün cəbhədə daha aktiv hərbi əməliyyatlara üstünlük verəcək. Strateji nəqliyyat-kommunikasiya xətlərinə nəzarət məsələsi bu baxımdan həlledici rol oynayır.

Ümumilikdə, müasir dövrdə dünya müharibəsi anlayışı təkcə iki dövlətin birbaşa toqquşması ilə izah edilmir. Bloklaşma, regional qarşıdurmalar və dolayı münaqişələr qlobal təhlükəsizliyin əsas indikatorlarına çevrilib. Nüvə silahının mövcudluğu isə bir tərəfdən çəkindirici rol oynasa da, digər tərəfdən böyük güclərin üçüncü ölkələr üzərindən qarşıdurmaya girməsinə şərait yaradır.

İstər Rusiya–Ukrayna, istərsə də İsrail–Fələstin münaqişəsi yaxın perspektivdə dünya müharibəsinə çevriləcək potensiala malik deyil. Tayvan məsələsində Çinin hərbsiz birləşmə strategiyasından imtina etməsi isə qlobal bloklaşmanı sürətləndirə və ən pis ssenariləri aktuallaşdıra bilər. Lakin mövcud neoliberal beynəlxalq sistem daxilində bu ssenarinin reallaşma ehtimalı hazırda aşağı qiymətləndirilir.

Müəllif: siyasi elmlər üzrə fəlsəfə doktoru Üzeyir Mustafayev
Xüsusi olaraq MSNews.az üçün