Konqo Demokratik Respublikasının millisi DÇ-2026 üçün ABŞ-a qeyri-adi və diqqətçəkən üslubda gəlib.
MSNews.az xəbər verir ki, “Al Jazeera”nin məlumatına görə, Konqo DR yığması Parisdən uçuşla ABŞ-a çatıb. Komanda ölkədəki Ebola epidemiyası ilə bağlı tətbiq olunan qaydalara görə ABŞ-a gəlməzdən əvvəl 21 günlük izolyasiya müddətini Avropada keçirməli olub.
“Reuters” yazır ki, ABŞ rəsmiləri futbolçular və komanda heyətinin mundial üçün ölkəyə girişdən əvvəl 21 gün Konqo DR ərazisindən kənarda olmasını və simptomlarının olmamasını tələb edib. Bu səbəbdən komandanın hazırlıq prosesi də dəyişib, evdə keçirilməsi planlaşdırılan təlim-məşq toplanışı ləğv olunub.
Konqo DR yığmasının ABŞ-a gəlişi təkcə səhiyyə protokollarına görə yox, həm də geyim tərzinə görə gündəm olub. Yerli “KHOU” telekanalının məlumatına görə, futbolçular Hyustona kostyumlarda və leopard naxışlı detallarla gəliblər. Bu detal komandanın “Leopards” ləqəbinə simvolik istinad kimi qiymətləndirilib.
“Houston Chronicle” yazır ki, Konqo DR millisi Corc Buş Beynəlxalq Hava Limanında azarkeşlər tərəfindən qarşılanıb. Komanda qrup mərhələsində Hyustonu baza şəhəri kimi istifadə edəcək və məşqlərini “SaberCats Stadium”-da keçirəcək.
Konqo DR DÇ-2026-da “K” qrupunda Portuqaliya, Kolumbiya və Özbəkistanla mübarizə aparacaq. Komandanın ilk oyunu iyunun 17-də Houstonda Portuqaliyaya qarşı olacaq.
Bu mundial Konqo DR üçün tarixi əhəmiyyət daşıyır. Yığma dünya çempionatına 52 ildən sonra ilk dəfə qatılır; ölkənin əvvəlki çıxışı 1974-cü ildə, Zair adı altında olmuşdu.