“Lester” pornoaktrisa qalmaqalına görə sponsorundan imtina etdi

İngiltərənin “Lester Siti” klubu BC.Game ilə sponsorluq müqaviləsinə xitam verib. Qərara şirkətin pornoaktrisa Eva Elfini brend səfiri təyin etməsindən sonra yaranan narazılıq səbəb olub.

25

İngiltərənin “Lester Siti” futbol klubu əsas forma sponsoru BC.Game ilə əməkdaşlığı dayandırıb. Qərar şirkətin rusiyalı pornoaktrisa Eva Elfini brend səfiri təyin etməsindən sonra azarkeşlər arasında yaranan narazılıq fonunda qəbul olunub.

MSNews.az xəbər verir ki, klub noyabrın 18-də yaydığı rəsmi açıqlamada sponsorluq müqaviləsinə qarşılıqlı razılıq əsasında dərhal xitam verildiyini təsdiqləyib.

“Reuters” agentliyinin məlumatına görə, BC.Game noyabrın əvvəlində Eva Elfini brend səfiri elan edib. Bu addım klubun azarkeş birliyi Foxes Trust tərəfindən sərt tənqid olunub.

Azarkeşlər qumar və pornoqrafiya sənayesinin futbolla əlaqələndirilməsindən narahatlıqlarını bildiriblər.

“The Guardian” nəşrinin məlumatına görə, klub rəhbərliyi də şirkətlə bu əməkdaşlığın mümkün nəticələrini müzakirə edib. Bununla belə, “Lester Siti” rəsmi açıqlamasında ayrılığı tərəflərin kommersiya prioritetlərinin fərqlənməsi ilə əsaslandırıb.

Klub həmçinin BC.Game loqosu olan formaları geri qaytarmaq istəyən azarkeşlərə ödənişlərin tam qaytarılacağını açıqlayıb. Bu imkan rəsmi satış kanallarından oktyabrın 21-dən etibarən alınmış formalara şamil edilir. Geri qaytarma üçün son tarix dekabrın 2-dir.

Qeyd edək ki, BC.Game 2024-cü ildən “Lester Siti”nin əsas sponsorlarından biri idi.