Polşanın xarici işlər naziri Radoslav Sikorski Avropa ölkələrini Rusiya konsulluqlarını bağlamağa, rusiyalı diplomatların sayını azaltmağa və onların sərbəst hərəkətini məhdudlaşdırmağa çağırıb. Nazir Rusiyanın mümkün hibrid hücumlarının insan tələfatına səbəb olacağı təqdirdə NATO-nun daha sərt cavab tədbirlərini müzakirə etməli olduğunu bildirib.
MSNews.az xəbər verir ki, Sikorski bu barədə oktyabrın 12-də dərc olunan “Financial Times” qəzetinə müsahibəsində danışıb.
Polşalı nazirin sözlərinə görə, Avropada təxribatlar, kiberhücumlar və digər hibrid fəaliyyətlərlə bağlı təhlükəsizlik narahatlıqları artır. O, bu cür əməliyyatları Rusiya ilə əlaqələndirərək onların gələcəkdə insan ölümü ilə nəticələnə biləcəyi barədə xəbərdarlıq edib.
Sikorski bildirib ki, ölüm halları baş verərsə, NATO mümkün cavab tədbirləri barədə ciddi müzakirələr aparmalı olacaq.
“İnsanlar ölməyə başlasa, NATO daxilində daha bir çox ciddi müzakirə aparmalı olacağıq”, – deyə nazir vurğulayıb.
Sikorski qeyd edib ki, NATO-nun hansı hibrid hücumun kollektiv cavab tələb edəcəyi barədə əvvəlcədən razılaşdırılmış dəqiq meyarları yoxdur. Bu səbəbdən alyans hər bir hadisənin miqyasını və nəticələrini ayrıca qiymətləndirməli olacaq.
Polşanın xarici işlər naziri Avropa ölkələrinə Rusiya diplomatik nümayəndəliklərinin fəaliyyətini məhdudlaşdırmağı da təklif edib.
Onun təkliflərinə Rusiya konsulluqlarının bağlanması, diplomatik personalın sayının azaldılması və rusiyalı diplomatların Avropa ölkələri arasında hərəkət imkanlarının məhdudlaşdırılması daxildir.
Sikorski xatırladıb ki, Polşada artıq Rusiya konsulluqları fəaliyyət göstərmir və digər Avropa dövlətlərinin də oxşar addımlar atmasını məqsədəuyğun hesab edir.
Bu barədə Polşanın “Rzeczpospolita” qəzeti də məlumat yayıb.
Nazir əlavə olaraq, Avropa İttifaqına daxil olan Rusiya vətəndaşları üçün biometrik pasport tələbinin tətbiqini təklif edib. Onun fikrincə, bu tədbir kəşfiyyat əməkdaşlarının saxta şəxsiyyət sənədlərindən istifadə etməsini çətinləşdirə bilər.
Sikorski rusiyalılara turist vizalarının verilməsinin də azaldılmasını istəyib.
“European Pravda” nəşrinin məlumatına görə, Avropa İttifaqı səviyyəsində də rusiyalı diplomatların Şengen zonası daxilində hərəkətinin məhdudlaşdırılması məsələsi müzakirə edilir.
Qeyd edək ki, Sikorskinin açıqladığı tədbirlər hələlik siyasi təkliflərdir. Avropa İttifaqı və NATO Rusiya konsulluqlarının bütün üzv ölkələrdə bağlanması barədə vahid qərar qəbul etməyib.