Polşada polis yol patrulları barədə qarşıdan gələn sürücüləri uzaqvuran faraları yandırıb-söndürməklə xəbərdar edən avtomobilçilərə qarşı dronlardan istifadə edir. Son əməliyyatlardan birində bu qayda pozuntusuna görə 47 sürücü cərimələnib.
MSNews.az xəbər verir ki, Polşanın Malopolska bölgəsində polis əməkdaşları yol nəzarəti məntəqəsini keçdikdən sonra digər sürücülərə işıq siqnalı verən avtomobilləri dronla havadan izləyiblər.
Polisin rəsmi məlumatına görə, əməliyyat zamanı 71 avtomobil yoxlanılıb və ümumilikdə 76 qayda pozuntusu aşkarlanıb. Onlardan 47-si uzaqvuran işıqlardan qaydalara zidd şəkildə istifadə edərək digər sürücüləri polis nəzarəti barədə xəbərdar edib.
Bu sürücülərin hər biri 200 zloti cərimə olunub və onların hesabına 4 cərimə balı əlavə edilib.
Polşa polisi bildirir ki, belə işıq siqnalları yalnız sürət həddini aşan şəxsləri deyil, sərxoş vəziyyətdə avtomobil idarə edən, sürücülük hüququ olmayan və ya hüquq-mühafizə orqanları tərəfindən axtarılan şəxsləri də nəzarətdən yayındıra bilər.
Qeyd edək ki, bu, Polşada yeni tətbiq edilmiş ayrıca qadağa deyil. Ölkənin Yol Hərəkəti Qanununun 51-ci maddəsi uzaqvuran işıqlardan hansı hallarda istifadə edilə biləcəyini müəyyən edir və onların başqa məqsədlə yandırılıb-söndürülməsi qayda pozuntusu hesab olunur. Polis hələ 2024-cü ildə də eyni davranışa qarşı dronlardan istifadə etmişdi.