“Google”-da “taun” mənasını verən “taun” (“plague”) sözünə maraq kəskin şəkildə artıb. “Google Trends”-in aktual göstəricilərinə görə, sorğu qısa müddətdə 100 mindən çox axtarış toplayıb və əvvəlki dövrlə müqayisədə təxminən 700–800 faiz yüksəlib.
MSNews.az xəbər verir ki, “Google Trends” platformasında “plague” hazırda ən sürətlə yüksələn axtarış mövzularından biridir. Sorğu ilə yanaşı “pneumonic plague”, “Russia plague” və “Russian plague” kimi ifadələrə də maraq artıb.
“Google”-un məlumatına əsasən, “pneumonic plague” — yəni ağciyər taunu ilə bağlı axtarışlar da ayrıca təxminən 400 faiz yüksəlib.
Axtarış marağındakı sıçrayış Rusiyanın İrkutsk vilayətində taun əleyhinə institut əməkdaşının ölümündən sonra mümkün ağciyər taunu ilə bağlı yayılan xəbərlər fonunda baş verir.
Bundan əvvəl ABŞ administrasiyasının İrkutskdakı vəziyyəti izlədiyi bildirilmişdi. Rusiya rəsmiləri isə institut əməkdaşının tauna yoluxduğunu rəsmi şəkildə təsdiqləməyib və genişmiqyaslı epidemiya barədə məlumat açıqlamayıb.
“Google Trends”-in izahına görə, faiz göstəricisi seçilmiş dövrdə axtarış marağının əvvəlki müqayisə dövrünə nisbətən nə qədər artdığını göstərir. “Breakout” qeydi isə artımın 5000 faizdən çox olduğu hallarda istifadə olunur.