Fransa millisinin futbolçusu Maykl Olise 2026-cı il dünya çempionatında Pele-nin tarixi assist rekordunu qırmağa yaxınlaşıb.
MSNews.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi turnirdə artıq 5 məhsuldar ötürmə edib.
“Reuters” yazır ki, Olise hazırda Pelenin 1970-ci il dünya çempionatında müəyyənləşdirdiyi 6 assistlik rekorddan cəmi bir ötürmə geri qalır.
Bu o deməkdir ki, Olise növbəti oyunlarda bir assist etsə, Pelenin rekordunu təkrarlayacaq. İki məhsuldar ötürmə isə onu mundial tarixində bu göstərici üzrə tək lider edə bilər.
Opta Analystin məlumatına görə, Pele 1970-ci il mundialında 6 məhsuldar ötürmə edib və bu, 1966-cı ildən bəri qeydə alınmış tarixdə bir futbolçunun bir dünya çempionatında ən yüksək assist göstəricisidir.
Siyahıda Peledən sonra 5 assistlə Robert Qadoxa, Pyer Littbarski, Dieqo Maradona və Tomas Hessler yer alır. Olise artıq bu göstəriciyə çataraq mundial tarixinin ən məhsuldar assistentləri sırasına daxil olub.
Olise DÇ-2026-da Fransa hücumunun əsas yaradıcı qüvvələrindən birinə çevrilib. FIFA-nın assist siyahısında da fransalı futbolçu 5 məhsuldar ötürmə ilə ilk pillədə göstərilir.
Fransa 1/16 finalda İsveçi 3:0 hesabı ilə məğlub edib. FIFA-nın matç hesabatına görə, Olise həmin görüşdə də aktivliyi ilə seçilib və komandasının hücumlarında əsas rol oynayıb.
Fransa millisinin əsas hücum kvarteti — Kilian Mbappe, Usman Dembele, Maykl Olise və Bredli Barkola — turnirdə komandanın 13 qolundan 12-də birbaşa rol oynayıb.
Olise və Mbappe tandemi də xüsusi diqqət çəkir. Bu ikili mundialda artıq 6 qol kombinasiyası yaradıb ki, bu da turnir tarixində hücum dueti üçün rekord göstərici kimi təqdim olunur.
Fransa millisi növbəti mərhələdə Paraqvayla qarşılaşacaq. Olise bu oyunda assist edəcəyi halda Pele-nin 56 illik rekordunu təkrarlaya bilər.
Hazırda Olise üçün əsas hədəf Fransa ilə mundialda irəliləmək olsa da, onun fərdi göstəricisi turnirin ən böyük statistik hekayələrindən birinə çevrilib.