İsrailin Baş naziri Benyamin Netanyahu sentyabrın 27-də əvvəlcədən elan edilməyən səfərlə Əbu-Dabiyə gedərək Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanla görüşüb. Əvvəlcə İsrail mediasının yaydığı məlumatı Netanyahunun ofisi sentyabrın 28-də rəsmən təsdiqləyib.
MSNews.az xəbər verir ki, səfər barədə ilk məlumatı “N12” yayıb. Telekanal iki mənbəyə istinadən Netanyahunun xüsusi təyyarə ilə Əbu-Dabiyə uçduğunu və BƏƏ lideri ilə görüşdüyünü bildirib. Səfər əvvəlcədən ictimaiyyətə açıqlanmayıb.
Netanyahunu səfərdə İsrailin təhlükəsizlik strukturunun yüksək vəzifəli nümayəndələri, o cümlədən “Mossad”ın direktoru Roman Qofman və Milli Təhlükəsizlik Şurasının rəhbəri Şmuel Ben-Ezra müşayiət edib. Baş nazirin ofisi səfər barədə xəbərin nümayəndə heyəti İsrailə qayıtmazdan əvvəl yayılmasının təhlükəsizlik riski yaratdığını bildirib.
“N12” səfərin əsas gündəmində İran təhlükəsinin dayandığını yazıb. “CNN”-ə danışan səfər barədə məlumatlı İsrail mənbəsi də İranın görüşün gündəmində üstünlük təşkil etdiyini bildirib.
BƏƏ tərəfinin görüşlə bağlı sonradan yaydığı rəsmi məlumatda isə İran xüsusi olaraq qeyd edilməyib. Bildirilib ki, Məhəmməd bin Zayed və Netanyahu BƏƏ–İsrail münasibətlərini, onların inkişaf etdirilməsi yollarını, eləcə də qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.
Səfərin daha bir mühüm konteksti 2023-cü il 7 oktyabr hücumundan əvvəl BƏƏ liderinin Netanyahuya mümkün təhlükə barədə xəbərdarlıq edib-etməməsi ilə bağlı İsraildə davam edən mübahisədir. “Associated Press”-ə danışan mənbələr iddia ediblər ki, Netanyahu görüş zamanı Məhəmməd bin Zayeddən belə bir xəbərdarlıq etdiyi barədə yayılan məlumatları təkzib etməsini istəyib. Netanyahunun ofisi daha əvvəl həmin xəbərdarlığın alındığını inkar edib.