Nərman Qocatürkün xanımından şok açıqlama: “O, bir rektorun qurbanı oldu”

BDU-nun dosenti Nərman Süleymanovun qəfil vəfatından sonra həyat yoldaşı Şərəf Cəlili diqqətçəkən açıqlama verib. Jurnalist hadisə ilə bağlı əlavə məlumat verəcəyini bildirib.

22

Bakı Dövlət Universitetinin (BDU) dosenti Nərman Süleymanovun (Qocatürk) qəfil vəfatından sonra həyat yoldaşı, tanınmış jurnalist Şərəf Cəlili diqqətçəkən açıqlama verib. O, həyat yoldaşının ölümünü universitet rəhbərliyi ilə əlaqələndirən fikir səsləndirib.

MSNews.az xəbər verir ki, Şərəf Cəlili bu barədə açıqlama verib.

“İnformasiyanı bilirsiniz, xəbər doğrudur. O, bir rektorun qurbanı oldu”, – deyə jurnalist bildirib.

Şərəf Cəlili həmçinin “Sərəncama diqqət edin, bu barədə sonra açıqlama olacaq” deyərək əlavə şərh verməkdən imtina edib.

“Lent.az” nəşrinin məlumatına görə, Nərman Süleymanovun meyiti noyabrın 18-də Bakının Yasamal rayonundakı mənzildə aşkarlanıb. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, bir müddət əvvəl Nərman Süleymanov barəsində sosial şəbəkələrdə qeyri-etik davranışla bağlı iddialar yayılmışdı. Həmin iddiaların doğruluğu barədə yekun hüquqi nəticə açıqlanmayıb.

Noyabrın 19-da Prezident İlham Əliyevin sərəncamı ilə Elçin Babayev BDU-nun rektoru vəzifəsindən azad edilib. Onun yerinə Məleykə Abbaszadə təyin olunub.

Bununla belə, Nərman Süleymanovun ölümü ilə rektor dəyişikliyi arasında hər hansı səbəb-nəticə əlaqəsi rəsmi şəkildə təsdiqlənməyib. Ölümün dəqiq səbəbi barədə araşdırmanın nəticələri hələ açıqlanmayıb.