Kanadada tarixi referendum: Alberta əhalisi ölkədən ayrılmağa qarşı səs verdi

Kanadanın neft və qazla zəngin Alberta əyalətində keçirilən referendumda seçicilərin təxminən 76 faizi ölkənin tərkibində qalmağı dəstəkləyib. Nəticə Baş nazir Mark Karninin Kanada birliyini qorumaq siyasəti baxımından mühüm hadisə kimi qiymətləndirilir.

53

Kanadanın neft və təbii qaz ehtiyatları ilə zəngin Alberta əyalətində ölkədən ayrılmaq istiqamətində hüquqi prosesin başlanması ilə bağlı keçirilən referendumda seçicilərin böyük əksəriyyəti separatizmə qarşı çıxıb. İlkin nəticələrə əsasən, səsvermə iştirakçılarının təxminən 76 faizi Albertanın Kanadanın tərkibində qalmasını dəstəkləyib.

MSNews.az xəbər verir ki, oktyabrın 19-da keçirilən referendumun nəticələri barədə Kanadanın “CBC News” telekanalı məlumat yayıb.

“Reuters” agentliyinin məlumatına görə, bu, Albertanın Kanadadan ayrılması məsələsi ilə bağlı əyalət tarixində keçirilən ilk referendum olub.

Referendumun ilkin nəticələrinə əsasən, Kanadada qalmağı dəstəkləyənlər 76%, ayrılma prosesini dəstəkləyənlər isə sadəcə 23%-dir.

Seçicilərə iki variant təqdim olunub: Albertanın Kanadanın əyaləti olaraq qalması və ya ölkədən ayrılmaq məqsədilə gələcəkdə hüquqi qüvvəyə malik referendumun keçirilməsi üçün prosedurların başlanması. Səsvermə məsləhət xarakteri daşıyıb və birbaşa müstəqillik elan edilməsi anlamına gəlməyib.

“Global News” telekanalının məlumatına görə, ilkin hesablamalarda Kanadanın tərkibində qalmağa 883 mindən çox, ayrılma istiqamətində növbəti referendumun keçirilməsinə isə 278 mindən çox səs verilib. Nəticələr Kanadanın Baş naziri Mark Karni tərəfindən müsbət qarşılanıb.

Karni səsvermənin Kanada vətəndaşlarının ölkənin birliyinə bağlılığını nümayiş etdirdiyini bildirib. Əslən Albertadan olan hökumət başçısı referendumdan əvvəl də əyalət sakinlərini ölkənin tərkibində qalmağa çağırmışdı.

Referendum ABŞ Prezidenti Donald Trampın Kanada ilə bağlı açıqlamaları fonunda da diqqət çəkib. Tramp daha əvvəl Kanadanın ABŞ-nin 51-ci ştatına çevrilməsi ideyasını dəfələrlə gündəmə gətirib. Bundan əlavə, Albertanın müstəqilliyini müdafiə edən separatçı hərəkatın bəzi nümayəndələrinin Tramp administrasiyasının rəsmiləri ilə görüşlər keçirdiyi barədə məlumatlar yayılıb.

Bununla belə, həmin təmaslar ABŞ hökumətinin Albertanın ayrılmasına dair rəsmi siyasət qəbul etdiyini göstərmir. Əyalətin Baş naziri Daniel Smit də Albertanın Kanadanın tərkibində qalmasını dəstəkləyib. O, eyni zamanda, əyalətin federal hökumət qarşısında hüquq və səlahiyyətlərinin genişləndirilməsini müdafiə edir.

Separatçı qüvvələrin əsas narazılıqları isə Kanadanın federal enerji siyasəti, təbii sərvətlər üzərində nəzarət və vergilərin bölüşdürülməsi məsələləri ilə bağlıdır.

“Financial Times” nəşrinin məlumatına görə, referendumda 1,35 milyondan çox bülleten verilib və iştirak səviyyəsi təxminən 43 faiz təşkil edib.

Müstəqillik tərəfdarları məğlubiyyətə baxmayaraq, siyasi fəaliyyətlərini davam etdirəcəklərini bildiriblər.
Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.