İrandan qəribə iddia: “Rəsmilərin yerini İsrailə cinlər deyib”

İranlı din xadimi Əlirza Pənahian İsrailin yüksəkvəzifəli İran rəsmilərinin yerini müəyyənləşdirmək üçün cinlərdən istifadə etdiyini iddia edib. Açıqlama sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

75

İranlı din xadimi Əlirza Pənahian İsrailin yüksəkvəzifəli İran rəsmilərinin yerini müəyyənləşdirmək üçün cinlərdən istifadə etdiyini iddia edib. Onun açıqlaması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

MSNews.az xəbər verir ki, bu barədə “IranWire” nəşri məlumat yayıb.

İranın hakimiyyət dairələrinə yaxınlığı ilə tanınan Pənahianın sözlərinə görə, İsrail kəşfiyyatı yüksəkvəzifəli şəxslərin harada olduğunu müəyyənləşdirmək üçün fövqəltəbii qüvvələrdən istifadə edib.

Din xadimi bu məlumatı sözügedən sahədə mütəxəssis olduğunu bildirən bir şəxsdən eşitdiyini qeyd edib. Lakin iddianı təsdiqləyən hər hansı sübut təqdim olunmayıb.

İranda buna bənzər açıqlamalar əvvəllər də səsləndirilib. 2025-ci ilin iyulunda bəzi iranlı siyasi və dini fiqurlar İsrailin hərbi əməliyyatlarda sehr və cinlərdən istifadə etdiyini iddia etmişdilər.

“IranWire” nəşrinin araşdırmasına görə, həmin iddialar İranın bəzi din xadimləri tərəfindən də əsassız və mövhumat xarakterli fikirlər kimi qiymətləndirilib.

Bununla yanaşı, İsrailin İran rəsmilərinin yerini müəyyənləşdirmək üçün texnoloji kəşfiyyat imkanlarından istifadə etdiyi barədə məlumatlar mövcuddur. “Ynet” nəşrinin istinad etdiyi araşdırmada İran rəhbərliyinin hərəkətlərinin mühafizəçilərin mobil telefonları vasitəsilə izlənildiyi bildirilir.

İsrailin kəşfiyyat əməliyyatlarında cinlərdən istifadə etməsi barədə iddianın isə heç bir etibarlı elmi və ya faktiki əsası müəyyən edilməyib.