İranda hakimiyyət formal institutlardan daha çox qeyri-rəsmi klan və ailə şəbəkələri üzərində qurulub. Bu sistemdə əsas qərarlar çox zaman rəsmi strukturlardan kənarda, ailə bağları və loyallıq prinsipləri əsasında formalaşır.
“Belə klanlardan biri də uzun illər ölkənin siyasi arxitekturasında mühüm rol oynayan Əli Laricaninin təmsil etdiyi Laricani ailəsidir” deyə siyasi araşdırmaçı Pərviz Əliyev MSNews.az-a bildirib.
P.Əliyevə görə, Laricani ailəsi məhkəmə sistemi, təhlükəsizlik strukturları və nüvə proqramı kimi strateji sahələrdə təsir baxımından ilk üçlükdə yer alırdı. Əli Laricaninin vəfatı bu klanın təsirini zəiflədə bilər, lakin ailənin digər üzvləri, xüsusilə Sadiq Laricani müəyyən mövqelərini qoruyub saxlaya bilər. Bununla belə, Əli Laricani sadəcə texniki fiqur deyil, müxtəlif güc mərkəzləri arasında balans yaradan əsas siyasi oyunçu idi.
İranın güc sistemində dominant mövqelərdən birini də Əli Xameneinin rəhbərlik etdiyi ailə və onun ətrafındakı şəbəkə tutur. Bu klan Rəhbərin ofisi, kəşfiyyat xidmətləri və İslam İnqilabı Keşikçiləri Korpusunun əhəmiyyətli hissəsi üzərində nəzarəti saxlayır. Xamenei ailəsinin nümayəndələri iqtisadiyyat, təhlükəsizlik və ideoloji sahələrdə əsas postları tutur.
Pərviz Əliyev qeyd edir ki, təsir baxımından növbəti mühüm qrup Əkbər Haşimi Rəfsəncani ailəsidir. Onun ölümündən sonra bu klanın təsiri zəifləsə də, övladları və yaxın çevrəsi vasitəsilə sistem daxilində qalmaqdadır. Rəfsəncani ailəsi islahatçı dairələrdə hələ də mühüm rol oynayır.
Eyni cinahda Məhəmməd Hatəminin ailəsi də təsir uğrunda mübarizə aparır. Bu klan şəhər orta təbəqəsi arasında nüfuzunu qoruyaraq islahatçı blok daxilində rəqabət aparan əsas aktorlardan biridir.
Bundan əlavə, Mötəhhəri və Qolpayeqani kimi ailələr də İranın “inqilabi aristokratiyası”nın tərkib hissəsi hesab olunur. Xüsusilə, Qolpayeqani ailəsi Rəhbər aparatında əsas mövqelərdən birini tutaraq maliyyə axınlarına, kadr təyinatlarına və kəşfiyyat fəaliyyətinə ciddi təsir göstərir. Bu qrup Laricani ailəsi ilə müqayisə edilə bilən “kölgə elitası”nı formalaşdırır.
Ekspert qeyd edir ki, Əli Laricaninin ölümü qısa müddətdə sistemin sabitliyini sarsıtmasa da, uzunmüddətli perspektivdə güc balansında dəyişikliklərə səbəb ola bilər. Bu hadisə yalnız bir klanın zəifləməsi deyil, həm də müxtəlif fraksiyalar arasında koordinasiya rolunu oynayan mərkəzi fiqurun itirilməsi deməkdir.
Xüsusilə, Müctəba Xameneinin gələcək statusunun qeyri-müəyyən qalması fonunda bu dəyişikliklər daha da əhəmiyyət kəsb edir. Mövcud şəraitdə İslam İnqilabı Keşikçiləri Korpusu daxilində daha sərt və militarist qrupların mövqelərinin güclənməsi ehtimalı artır.
Analitiklər hesab edir ki, Laricaninin aradan çıxmasından sonra növbəti siyasi hədəflərdən biri Məhəmməd Bağır Qalibaf ola bilər. Lakin Qalibafın Laricanidən fərqli olaraq teokratik sistemə deyil, daha çox hərbi-siyasi elitalara bağlı olması onun mövqeyini fərqli edir.
Ümumilikdə, İranın güc strukturunun xüsusiyyətləri nəzərə alındıqda, belə itkilər xüsusilə müharibə şəraitində daxili balansın pozulması və yeni güc mərkəzlərinin formalaşması riskini artırır. Sistem hələlik ətalət hesabına sabit görünür, lakin bu vəziyyət gözlənilməz dəyişikliklər üçün daha geniş imkanlar yaradır.
TƏHLİL | Pərviz ƏLİYEV