İran parlamentində xarici işlər naziri Abbas Araqçinin impiçmenti ilə bağlı təşəbbüs qeydiyyatdan keçirilib. Lakin məsələ hələ parlamentin rəyasət heyətinə təqdim olunmayıb və rəsmi impiçment proseduru başlamayıb.
MSNews.az xəbər verir ki, parlament rəyasət heyətinin üzvü Məhəmməd Rəşidinin sözlərinə görə, deputatlardan biri Araqçinin impiçmenti ilə bağlı təklifi sistemdə qeydiyyata alıb. Növbəti mərhələdə sənədin rəyasət heyətinə təqdim olunması və prosedur qaydalarına uyğun baxılması tələb olunur.
İmpiçment təşəbbüsünün əsas səbəbi Əraqçinin BMT Baş Assambleyasının sessiyası zamanı Nyu-Yorkda ABŞ tərəfi ilə apardığı təmaslardır. Bir sıra mühafizəkar deputatlar iddia edirlər ki, xarici işlər naziri bu danışıqları lazımi siyasi icazə olmadan həyata keçirib.
“Gulf News” yazır ki, parlamentin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Əli Xəzriyan da deputatların Araqçinin impiçmentini gündəmə gətirdiyini və ondan ABŞ rəsmiləri ilə hansı mandat əsasında görüşdüyünü izah etməsinin tələb olunduğunu bildirib.
Araqçi isə Nyu-Yorkdakı təmasların əsasən Qətərin vasitəçiliyi ilə aparıldığını və məqsədin İranın Hörmüz boğazı ilə bağlı təkliflərini ABŞ tərəfinə çatdırmaq olduğunu bildirib. “Al Jazeera” qeyd edir ki, sonrakı danışıqlarda Qətər vasitəçiləri tərəflər arasında mesajların ötürülməsində əsas rol oynayıb.
Eyni zamanda, İran dövlət televiziyas ıAraqçinin ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffla görüşünün ABŞ tərəfinin israrı ilə baş tutduğunu və görüşdə İranın Hörmüz boğazının açılması üçün irəli sürdüyü şərtlərin çatdırıldığını açıqlamışdı.
Hazırda Araqçinin vəzifədən kənarlaşdırılması barədə qərar yoxdur. İmpiçment təşəbbüsü yalnız qeydiyyatdan keçib və onun parlamentdə səsverməyə qədər irəliləyib-irəliləməyəcəyi hələ məlum deyil.