Navrotski Ukraynanın Avropa ittifaqına üzvlüyünü Polşa fermerləri üçün təhlükə sayır

Polşa Prezidenti Karol Navrotski bildirib ki, Ukraynanın Avropa İttifaqına üzvlüyü Polşa kənd təsərrüfatı üçün təhlükə yarada bilər. O, fermerlərin maraqlarını qoruyacağını deyib.

28

Polşa Prezidenti Karol Navrotski Ukraynanın Avropa İttifaqına üzvlüyünün Polşa kənd təsərrüfatı üçün risk yarada biləcəyini bildirib.

MSNews.az xəbər verir ki, “Prezydent.pl” Navrotskinin AgroLiga 2025 tədbirində çıxışına istinadən yazır ki, Polşa lideri ölkə fermerlərinin maraqlarının qorunmasını prioritet adlandırıb.

Navrotski bildirib ki, Polşa hazırda Avropa İttifaqı ilə “Mercosur” ölkələri arasında sazişin nəticələri ilə mübarizə aparır. Onun sözlərinə görə, o, prosesə gec qoşulsa da, Polşa fermerləri üçün zərərli hesab etdiyi qərarların qarşısını almaq üçün çalışıb.

Polşa Prezidenti eyni çıxışında Ukraynanın Aİ-yə üzvlüyünü də kənd təsərrüfatı sektoru üçün təhlükə kimi qiymətləndirib. O qeyd edib ki, Kiyevin Avropa inteqrasiyası istəklərini anlamaqla yanaşı, Polşa fermerlərinə və Polşa kənd təsərrüfatı məhsullarına ədalətli münasibətin təmin olunmasını müdafiə edəcək.

Navrotski bu mövqeyin “Yaşıl kurs” və Avropa İttifaqının digər qərarları kontekstində də keçərli olduğunu bildirib. Onun sözlərinə görə, Polşa kənd təsərrüfatı nə ideoloji qərarlara, nə də xarici rəqabətin təzyiqinə qurban verilməlidir.

“Onet” yazır ki, Navrotski çıxışında ərzaq təhlükəsizliyini hərbi, tibbi və enerji təhlükəsizliyi qədər vacib sahə adlandırıb. O, fermerlərin Polşanın gələcək təhlükəsizliyində mühüm rol oynadığını vurğulayıb.

Polşa liderinin bu açıqlaması Varşava ilə Kiyev arasında kənd təsərrüfatı məhsulları və Ukraynanın Aİ-yə inteqrasiyası ilə bağlı mövcud gərginlik fonunda səslənib.

Daha əvvəl Polşa fermerləri Ukraynadan ucuz taxıl və ərzaq məhsullarının idxalına qarşı etiraz aksiyaları keçirmişdilər. Bu məsələ son illər Polşa-Ukrayna münasibətlərində əsas mübahisəli mövzulardan biri olaraq qalır.

Hazırda Polşa hökumətinin Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı yekun mövqeyi rəsmi danışıqlar prosesində ayrıca formalaşacaq. Navrotskinin açıqlaması isə Polşa daxilində kənd təsərrüfatı maraqlarının bu prosesdə əsas şərtlərdən biri kimi gündəmə gətiriləcəyini göstərir.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.