Avropa İttifaqı Rodrigesi legitim lider kimi tanımır

Avropa İttifaqı ABŞ-ın hərbi müdaxiləsindən sonra Venesuelada müvəqqəti dövlət başçısı elan edilən Delsi Rodrigesi legitim lider kimi tanımadığını bəyan edib.

34

Avropa İttifaqı ABŞ-ın Venesuela Prezidenti Nikolas Maduronu hərbi müdaxilə ilə saxlamasından sonra müvəqqəti dövlət başçısı vəzifəsini icra etməyə başlayan Delsi Rodrigesi legitim lider kimi tanımadığını açıqlayıb.

Brüsseldə keçirilən gündəlik mətbuat konfransında çıxış edən Avropa Komissiyasının sözçüsü Anitta Hipper bu mövqeni bir daha təsdiqləyib.

Hipper bildirib ki, Venesuelada səlahiyyətlərin verilməsi seçki prosesi yolu ilə həyata keçirilsə də, bu proses xalqın demokratik dəyişiklik tələbinə hörmət etməyib. Onun sözlərinə görə, ölkənin gələcəyi yalnız demokratik dəyişikliklərə yol açacaq, inklüziv və hərtərəfli dialoq vasitəsilə müəyyənləşdirilə bilər. Avropa Komissiyasının sözçüsü bu dialoqda demokratik yollarla seçilmiş müxalifət liderlərinin də iştirak etməsinin vacibliyini xüsusi vurğulayıb.

AB-nin mövqeyinin dəyişmədiyini deyən Hipper qeyd edib ki, Avropa İttifaqı nə Nikolas Maduronu, nə də hazırkı vəziyyətdə Delsi Rodrigesi Venesuelanın legitim lideri kimi qəbul edir. Bununla belə, Brüsselin öz maraqlarını qorumaq və prinsiplərinə sadiq qalmaq məqsədilə Venesuela rəsmiləri ilə məhdud və hədəfli əlaqələri davam etdirəcəyini bildirib.

Xatırladaq ki, ABŞ-ın Venesuela Prezidenti Nikolas Maduronu saxlamasından sonra onun müavini olan Delsi Rodriges parlamentdə and içərək müvəqqəti dövlət başçısı vəzifəsini üzərinə götürüb. Venesuela Ali Məhkəməsi Maduronun yoxluğunu əsas gətirərək, idarəetmədə fasilənin qarşısını almaq və ölkənin ümumi müdafiəsini təmin etmək məqsədilə prezident səlahiyyətlərinin müvəqqəti olaraq Rodrigesə verilməsi barədə qərar çıxarıb. Venesuela ordusu da bu qərarı dəstəklədiyini açıqlayıb.

Solçu ailədən olan və Uqo Çaves dövründən etibarən müxtəlif dövlət vəzifələrində çalışmış 57 yaşlı Delsi Rodriges 2017-ci ildən bəri Venesuelanın vitse-prezidenti idi.

Hadisələr yanvarın 3-də paytaxt Karakasda gecə saatlarında eşidilən partlayış və hərbi təyyarə səslərindən sonra kəskinləşib. Venesuela hakimiyyəti baş verənlərdə ABŞ-ı mülki və hərbi obyektlərə hücum etməkdə ittiham edib. ABŞ Prezidenti Donald Tramp isə Maduraya qarşı genişmiqyaslı əməliyyat keçirildiyini, onun və həyat yoldaşının ölkədən çıxarıldığını açıqlayıb. ABŞ-ın ədliyyə naziri Pem Bondi Maduronu narkoterrorizm, kokain qaçaqmalçılığı və ağır silahlarla bağlı ittihamların gözlədiyini bəyan edib.

Venesuela rəhbərliyi beynəlxalq ictimaiyyəti ABŞ-ın hərbi müdaxiləsini pisləməyə çağırsa da, bəzi ölkələr Vaşinqtonun mövqeyinə dəstək verib, digərləri isə əməliyyatı sərt tənqid edib.