İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında Tehranın nəzarətində olduğunu bildirdiyi zonaları göstərən yeni xəritə yayıb. Xəritədə İran tərəfinin boğazdakı nəzarət sahəsi və əsas strateji dəniz keçid marşrutları xüsusi qeyd olunub.
“Reuters”in məlumatına görə, xəritə mayın 4-də İran dövlət mediası vasitəsilə təqdim edilib.

Məlumata əsasən, İranın təqdim etdiyi zona qərbdə Qeşm adasının ən qərb nöqtəsi ilə BƏƏ-nin Umm əl-Qəveyn əmirliyi arasındakı xəttdən, şərqdə isə İranın Kuh-e Mobarak bölgəsi ilə BƏƏ-nin Fuceyrə əmirliyi arasındakı xəttə qədər uzanır. İran tərəfi bu ərazini “Silahlı Qüvvələrin nəzarəti və idarəçiliyi altında olan zona” kimi təqdim edib.
Xəritənin yayılması Yaxın Şərqdə hərbi-siyasi gərginliyin artdığı və Hörmüz boğazından keçən ticarət gəmilərinin təhlükəsizliyi ilə bağlı narahatlıqların gücləndiyi vaxta təsadüf edir. Hörmüz boğazı Fars körfəzini Oman körfəzi ilə birləşdirən strateji dəniz keçididir və qlobal enerji daşımaları baxımından ən həssas marşrutlardan biri hesab olunur.
“Reuters”in mayın 20-də yayımladığı araşdırmada bildirilir ki, İran son dövrdə adalar üzərində nəzarət məntəqələri, diplomatik razılaşmalar və bəzi hallarda “təhlükəsiz keçid” üçün ödəniş mexanizmləri vasitəsilə Hörmüz boğazında təsir imkanlarını artırmağa çalışır. Agentliyin məlumatına görə, İran bu addımları təhlükəsizlik tədbirləri kimi təqdim edir, lakin Qərb ölkələri və gəmiçilik şirkətləri bunu beynəlxalq dəniz hüququ baxımından riskli praktika kimi qiymətləndirirlər.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi isə bildirib ki, Tehran Omanla birlikdə Hörmüz boğazında davamlı təhlükəsizliyi təmin edəcək mexanizm üzərində işləyir. “Reuters”-in məlumatına görə, bu təşəbbüs təhlükəsiz dəniz hərəkəti üçün protokolların hazırlanmasını və sahilyanı ölkələrlə əməkdaşlığı nəzərdə tuta bilər.
Ekspertlər hesab edirlər ki, xəritənin yayımlanması Tehranın regiondakı hərbi-dəniz imkanlarını nümayiş etdirmək, Hörmüz boğazında faktiki nəzarət iddiasını möhkəmləndirmək və naviqasiya üzərində təsir mexanizmlərini genişləndirmək niyyəti ilə bağlı ola bilər. Bununla belə, İranın xəritədə göstərdiyi zonaların beynəlxalq hüquq baxımından necə qiymətləndiriləcəyi ayrıca mübahisə mövzusu olaraq qalır.