İngiltərə millisinin futbolçularına Meksika ilə oyun öncəsi “Viagra” preparatından istifadə etməyə icazə verildiyi bildirilib.
MSNews.az xəbər verir ki, məsələ DÇ-2026-nın 1/8 finalında İngiltərənin Meksika ilə qarşılaşacağı oyun ərəfəsində gündəmə gəlib. “talkSPORT” yazır ki, preparat Dünya Antidopinq Agentliyinin — WADA-nın qadağan olunmuş maddələr siyahısında yer almır və bu səbəbdən futbolçuların ondan istifadə etməsi qayda pozuntusu hesab edilmir.
Məlumata görə, söhbət preparatın yüksəkliyə uyğunlaşma məqsədilə mümkün istifadəsindən gedir. Meksika ilə oyun Mexiko şəhərində, dəniz səviyyəsindən təxminən 2200 metrdən çox yüksəklikdə yerləşən “Azteca” stadionunda keçiriləcək. Bu şəraitdə havada oksigenin nisbətən az olması futbolçularda yorğunluq və nəfəsalma çətinliyi yarada bilər.
“Viagra” kimi tanınan sildenafil preparatı qan damarlarını genişləndirə və ağciyərlərdə qan dövranını yaxşılaşdıra bilər. WADA-nın elmi araşdırma bölməsində sildenafilin yüksək hündürlükdə bəzi idmançılarda performansa təsir göstərə biləcəyi qeyd olunur, lakin təsirin əsasən daha yüksək — 3800 metrdən yuxarı şəraitdə müşahidə edildiyi bildirilir.
Bununla belə, İngiltərə millisinin preparatdan faktiki istifadə edəcəyi təsdiqlənməyib. Baş məşqçi Tomas Tuxel bu iddiaları təkzib edib və belə bir məlumatın ona çatmadığını bildirib. İngiltərə millisinin yarımmüdafiəçisi Cordan Henderson isə mətbuat konfransında bu mövzuda zarafat edib, daha sonra sözlərinin ciddi qəbul edilməməli olduğunu vurğulayıb.
Məsələ sosial şəbəkələrdə geniş müzakirə yaradıb. Bəzi istifadəçilər bunu İngiltərənin Meksikadakı yüksəkliyə uyğunlaşmaq üçün qeyri-adi üsul axtarması kimi qiymətləndirib, digərləri isə xəbərin şişirdildiyini və preparatın sadəcə qadağan olunmadığı üçün nəzəri olaraq istifadəsinin mümkün olduğunu qeyd ediblər.
Qeyd edək ki, İngiltərə Meksika ilə oyuna qədər 1/16 finalda Konqo Demokratik Respublikasını 2:1 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib. Meksika isə Ekvadoru 2:0 hesabı ilə məğlub edib. Qarşılaşmanın qalibi 1/4 finalda Braziliya–Norveç cütünün qalibi ilə üz-üzə gələcək.