Messidən het-trik: Argentina Əlcəzairi məğlub etdi

2026 FIFA Dünya Kubokunun "J" qrupunda Argentina Əlcəzairi 3:0 hesabı ilə məğlub edib. Lionel Messi het-trik edərək Dünya Kuboku tarixində Miroslav Klosenin 16 qolluq rekorduna şərik olub.

21

Argentina millisi 2026 FIFA Dünya Kubokuna inamlı qələbə ilə başlayıb.

MSNews.az xəbər verir ki, “J” qrupunun ilk turunda keçirilən Argentina – Əlcəzair qarşılaşması 3:0 hesabı ilə başa çatıb. Oyun ABŞ-ın Kanzas-Siti şəhərində keçirilib.

Qarşılaşmanın qəhrəmanı Lionel Messi olub. Argentinalı ulduz het-trik edərək komandasına böyükhesablı qələbə qazandırıb.

Messi 17-ci dəqiqədə uzaq məsafədən vurduğu zərbə ilə hesabı açıb. İkinci hissədə o, daha iki dəfə fərqlənərək matçın yekun nəticəsini müəyyənləşdirib.

Messi bu het-triklə Dünya Kuboklarında ümumi qol sayını 16-ya çatdırıb. Bununla da o, Almaniya millisinin sabiq hücumçusu Miroslav Klozenin kişilər arasında Dünya Kuboku tarixindəki qol rekorduna şərik olub.

Messi 200-cü milli oyununda Argentina yığmasının əsas lideri kimi çıxış edib və komandasının turnirə güclü başlamasında həlledici rol oynayıb.

Əlcəzair oyunun bəzi hissələrində hücum qurmağa çalışsa da, Argentina müdafiəsi rəqibə ciddi şans verməyib. Cənubi Amerika təmsilçisi topa nəzarətdə və hücumların keyfiyyətində üstün olub.

Bu qələbədən sonra Argentina “J” qrupunda ilk 3 xalını qazanıb. Qrupun digər oyununda Avstriya və İordaniya qarşılaşacaq.

Argentina növbəti turda Avstriya ilə, Əlcəzair isə İordaniya ilə üz-üzə gələcək.