İlham Əliyev və Mehriban Əliyeva “ADEX 2026” sərgisi ilə tanış olublar

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda keçirilən “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olublar. Sərgilərə 30 ölkədən 277 şirkət qatılıb.

87

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən “ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və “Securex Caspian” 15-ci Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi ilə tanış olublar.

MSNews.az xəbər verir ki, müdafiə naziri Zakir Həsənov və müdafiə sənayesi naziri Vüqar Mustafayev dövlət başçısına və birinci xanıma sərgilər barədə məlumat veriblər.

“ADEX 2026” bu il iştirakçı şirkətlərin sayına görə rekord göstəriciyə çatıb. Bununla əlaqədar Bakı Ekspo Mərkəzində əlavə pavilyon istifadəyə verilib, daha bir pavilyon isə ilk dəfə Azərbaycanın milli ekspozisiyasına ayrılıb.

Prezidentin rəsmi saytının məlumatına görə, “ADEX 2026”ya 39 ölkədən 59 xarici nümayəndə heyəti qeydiyyatdan keçib. ABŞ-nin bir sıra böyük müdafiə şirkətləri sərgiyə ilk dəfə qatılıb, ən geniş təmsil olunan xarici ölkə isə Türkiyədir.

“ADEX” və “Securex Caspian” sərgilərində ümumilikdə 30 ölkədən 277 şirkət iştirak edir və 14 ölkənin milli pavilyonu fəaliyyət göstərir.

Prezident və birinci xanım əvvəlcə Müdafiə Nazirliyinin stendi ilə tanış olublar. Burada Azərbaycan Ordusunun silahlanmasında olan artilleriya sistemləri, aviasiya texnikası və pilotsuz sistemlər nümayiş etdirilir.

Daha sonra dövlət başçısı və birinci xanım Azərbaycanın “Azərsilah” və “Vektor” şirkətlərinin, eləcə də Türkiyənin “Baykar” və “Aselsan”, BƏƏ-nin “EDGE Group”, İsrailin “IAI”, “Rafael”, “Elbit Systems” və “UVision Air”, İtaliyanın “Leonardo”, Almaniyanın “Rheinmetall” və digər beynəlxalq müdafiə şirkətlərinin ekspozisiyaları ilə tanış olublar.

Sərgidə Türkiyənin “Roketsan” və “Dearsan”, Rusiyanın “Rosoboronexport”, Belarusun “Belspetsvneshtechnika”, Serbiyanın “Yugoimport”, Çinin CPMIEC və Pakistanın dövlət aviasiya kompleksinin məhsulları da nümayiş etdirilir.

Böyük Britaniya da sərgidə milli səviyyədə təmsil olunur. Müdafiə Nazirliyinin stendində “BAE Systems” də daxil olmaqla Britaniya müdafiə sənayesinin nümayəndələri yer alıb.

“ADEX 2026”nın rəsmi saytı məlumat verir ki, sərgi 30 sentyabr–2 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçirilir. “ADEX” Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilati dəstəyi, Müdafiə Nazirliyinin dəstəyi ilə təşkil olunur.

Paralel keçirilən “Securex Caspian” sərgisində hüquq-mühafizə, sərhəd, xüsusi xidmət, xilasetmə və yanğınsöndürmə qurumları üçün avadanlıqlar, kompleks mühafizə sistemləri, kriminalistika və əməliyyat-axtarış vasitələri təqdim edilir.

Açıq sərgi sahəsində isə Müdafiə Nazirliyi, “Azərsilah”, “VLand Systems”, “İmprotex”, “AZDEF” və “Exclases Holdings Limited” öz yeni texnologiyalarını nümayiş etdirirlər.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.