Gürcüstan parlamentində deputatlar arasında dava düşdü

Gürcüstan parlamentində müxalifət və hakim partiya təmsilçiləri arasında fiziki qarşıdurma yaşanıb. İnsident müxalif deputat Georgi Şaraşidzenin çıxışından sonra baş verib.

10

Gürcüstan parlamentində hakim partiya və müxalifət təmsilçiləri arasında dava düşüb.

MSNews.az xəbər verir ki, hadisə Baş nazir İrakli Kobaxidzenin illik hesabatının müzakirəsi zamanı baş verib. Yerli medianın məlumatına görə, gərginlik “Qaxariya — Gürcüstan naminə” müxalifət partiyasının deputatı Georgi Şaraşidzenin çıxışından sonra yaranıb.

Şaraşidze çıxışında Baş nazir İrakli Kobaxidzeni sərt tənqid edib. O bildirib ki, hazırkı hökumət başçısına hətta “Gürcü Arzusu” partiyasının özü də layiq deyil. Deputat əlavə edib ki, onun fikrincə, hakim partiyanın bəzi nümayəndələri də bu qiymətlə razıdır.

Bu sözlərdən sonra zalda deputatlar arasında söz atışması başlayıb. Gürcüstanın ictimai yayımçısı 1TV-nin məlumatına görə, fiziki qarşıdurma “Gürcü Arzusu”nun deputatı İrakli Xelaya ilə “Qaxariya — Gürcüstan naminə” partiyasının üzvü Giqa Parulava arasında başlayıb və daha sonra digər deputatların da qoşulduğu davaya çevrilib.

Gürcü telekanallarının yaydığı görüntülərdə deputatların bir-birinə yaxınlaşdığı, zalda qarışıqlıq yarandığı və parlament əməkdaşlarının vəziyyəti sakitləşdirməyə çalışdığı görünür.

“Radio Tavisupleba”nın məlumatına görə, insident zamanı parlamentin canlı yayımı da kəsilib. Hadisədən sonra vəziyyətin sakitləşdirildiyi bildirilir.

Georgi Şaraşidze daha sonra açıqlama verərək parlamentdə baş verənlərə hüquqi qiymət verilməsini tələb edəcəyini bildirib. O, hakim partiya nümayəndələrini fərqli fikrə dözümsüzlükdə və zorakılıqda ittiham edib.

Hakim partiya nümayəndələrinin hadisə ilə bağlı geniş rəsmi açıqlaması isə hələlik yayılmayıb.