“Euroclear”dan xəbərdarlıq: Rusiya aktivləri müsadirə olunsa, müflis ola bilərik

“Euroclear”ın rəhbəri Valeri Urben dondurulmuş 185 milyard avroluq Rusiya aktivlərinin müsadirəsinin şirkəti müflisləşdirə biləcəyini açıqlayıb. O, Avropa İttifaqını ciddi hüquqi və maliyyə riskləri barədə xəbərdar edib.

62

Belçikanın “Euroclear” maliyyə qurumu dondurulmuş Rusiya aktivlərinin Avropa İttifaqına (Aİ) məcburi ötürülməsinin şirkəti müflisləşdirə biləcəyi barədə xəbərdarlıq edib. Qurumun rəhbəri Valeri Urben bildirib ki, belə bir qərar Avropanın maliyyə sisteminə ciddi risklər yarada bilər.

MSNews.az xəbər verir ki, Urben bu barədə noyabrın 13-də Belçikanın “Le Soir” qəzetinə müsahibəsində danışıb. Məlumatı “Reuters” agentliyi də yayıb.

Onun sözlərinə görə, “Euroclear”ın balansında təxminən 185 milyard avro dəyərində Rusiya vəsaiti mövcuddur. Bu məbləğ qurumun balansının 80 faizindən çoxunu təşkil edir.

Urben vurğulayıb ki, aktivlərin başqa quruma ötürülməsi zamanı Rusiya Mərkəzi Bankı qarşısındakı öhdəliklər nəzərə alınmalıdır.

“Aktivləri sadəcə köçürüb öhdəlikləri unutmaq olmaz. Bu, böyük maliyyə balanssızlığı yaradaraq ‘Euroclear’ı müflisləşdirə bilər”, – deyə o bildirib.

Qurum rəhbərinin sözlərinə görə, aktivlərin qaytarılma öhdəlikləri ilə birlikdə ötürülməsi də hüquqi riskləri tam aradan qaldırmır. Rusiya Mərkəzi Bankı bu əməliyyatı tanımayacağı təqdirdə vəsaitlərin geri qaytarılmasını yenə də “Euroclear”dan tələb edə bilər.

Urben hesab edir ki, mümkün əməliyyat üçün Aİ ölkələrinin uzunmüddətli maliyyə zəmanətləri tələb olunur. Əks halda, yaranacaq itkilər şirkətin səhmdarlarına, Belçika dövlətinə və son nəticədə vergi ödəyicilərinə təsir göstərə bilər.

“ANSA” agentliyinin məlumatına görə, Urben dondurulmuş Rusiya aktivlərini Avropanın gələcək sülh danışıqlarında istifadə edə biləcəyi əsas vasitələrdən biri hesab edir.

Qeyd edək ki, Aİ 2022-ci ildə Ukraynada müharibə başlayandan sonra Rusiya Mərkəzi Bankının təxminən 210 milyard avroluq aktivlərini dondurub. Bu vəsaitlərin böyük hissəsi Belçikadakı “Euroclear”da saxlanılır.

Şirkətin rəsmi maliyyə hesabatına əsasən, 2026-cı ilin sentyabrının sonunda sanksiyalara məruz qalan Rusiya aktivləri ilə bağlı balans məbləği 204 milyard avro olub. Qurum həmin aktivlərdən əldə edilən fövqəladə gəlirlər hesabına indiyədək Aİ-yə təxminən 8 milyard avro ödəyib.