Dubaydan Təl-Əvivə uçan “Flydubai” sərnişin təyyarəsinin havada fövqəladə vəziyyət və mümkün qaçırılmaya işarə edən siqnallar ötürməsi İsraildə genişmiqyaslı təhlükəsizlik həyəcanına səbəb olub. İlkin olaraq təyyarənin qaçırıldığı ehtimal edilsə də, İsrail rəsmiləri sonradan bu versiyanı istisna ediblər. Təyyarə Səudiyyə Ərəbistanına enib, sərnişinlərin hamısının təhlükəsiz olduğu bildirilir.
MSNews.az xəbər verir ki, söhbət Flydubai aviaşirkətinin FZ1073 reysindən gedir.
“Ynet”-in ilkin məlumatına görə, təyyarə uçuş zamanı əvvəlcə ümumi fövqəladə vəziyyəti göstərən 7700, daha sonra isə mümkün qaçırılma və ya qanunsuz müdaxiləni ifadə edən 7500 transponder kodunu ötürüb. Təyyarə həmin vaxt istiqamətini dəyişərək Səudiyyə Ərəbistanına yönəlib.
Hadisədən sonra İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları havaya qaldırılıb. Baş nazir Benyamin Netanyahu və müdafiə naziri İsrael Katz da təcili təhlükəsizlik məsləhətləşməsi keçiriblər. Bununla belə, İsrail təhlükəsizlik rəsmisi elə ilkin mərhələdə təyyarənin həqiqətən qaçırıldığına dair təsdiqlənmiş məlumat olmadığını bildirmişdi.
FZ1073 daha sonra Səudiyyə Ərəbistanının Təbuk hava limanına təhlükəsiz eniş edib. “Flydubai” bütün sərnişinlərin təhlükəsiz olduğunu və aidiyyəti qurumlarla işlədiyini açıqlayıb.
“Reuters”-in İsrail rəsmisinə istinadən yaydığı son məlumata görə, hadisə təyyarənin qaçırılması olmayıb. İlkin araşdırmada fövqəladə siqnalların pilotlar arasında uçuş zamanı baş verdiyi bildirilən fiziki qarşıdurma fonunda verildiyi qeyd olunur.
Hadisənin bütün detalları hələ tam aydınlaşdırılmayıb. Buna görə pilotlar arasındakı qarşıdurmanın dəqiq səbəbi və təyyarədə baş verənlərin ardıcıllığı ilə bağlı əlavə rəsmi məlumat gözlənilir.
Belə bir versiya var ki, insident rus və ukraynalı pilotlar arasında baş verib.