İtaliyalı paleo-rəssam Mariaelena Mariottinin real görünüşlü dinozavr fiqurları sosial şəbəkələrdə maraq doğurub.
MSNews.az xəbər verir ki, “Mother of the Dinosaurs” adı ilə tanınan Mariaelena Mariotti “Instagram” səhifəsində əl işi dinozavr heykəllərini adi ev mühitində təqdim edir. Onun işləri fotolarda sanki ev heyvanı kimi göstərilən kiçik və realistik dinozavr təsiri yaradır.
“Artists United for Animals” platformasında yer alan məlumata görə, Mariotti İtaliyanın Karrara şəhərində doğulub və heykəltəraş kimi fəaliyyət göstərir. O, uşaqlıq illərindən dinozavrlara və modelləşdirməyə maraq göstərdiyini bildirir.
Rəssamın ən çox diqqət çəkən işlərindən biri “Mellow” adlı albinos spinozavr fiqurudur. Mariotti bu fiquru sosial şəbəkədə “körpə albinos spinozavr” kimi təqdim edib. Paylaşımlarda fiqurun əl işi olduğu, modelləşdirildiyi və incə detallarla rəngləndiyi görünür.

Mariaelena Mariotti dinozavrlarını sadəcə muzey eksponatı kimi yox, gündəlik həyatın içində təsvir edir. Onun fotolarında bu fiqurlar bəzən otaqda, bəzən masa və ya ev dekorasiyası arasında, bəzən də insanla qarşılıqlı münasibət qururmuş kimi təqdim olunur.
Bu yanaşma paleoartı klassik elmi rekonstruksiyadan çıxararaq daha emosional və vizual baxımdan cəlbedici formaya salır. Mariottinin işləri həm dinozavr həvəskarları, həm də qeyri-adi əl işi sənət nümunələri ilə maraqlanan izləyicilər arasında populyarlıq qazanıb.