BƏƏ-də 19 min kiberhücum iddiası Körfəzdə mübahisə yaratdı

BƏƏ-də “Make it in the Emirates” platformasına qarşı 19 mindən çox kiberhücumun qarşısının alındığı bildirilir. Hücum mənbələri kimi Səudiyyə Ərəbistanı, Qətər, İran və ABŞ-ın göstərilməsi müzakirələrə səbəb olub.

Birləşmiş Ərəb Əmirliklərində keçirilən “Make it in the Emirates 2026” tədbiri fonunda ölkənin kibertəhlükəsizlik qurumlarının “Əmirliklərdə istehsal olunub” platformasına qarşı qısa müddətdə minlərlə kiberhücumun qarşısını aldığı bildirilib. Sosial mediada BƏƏ mənbələrinə istinadla yayılan məlumatlarda platformanın yarım gündən az müddətdə 19 mindən çox kiberhücuma məruz qaldığı qeyd olunub. 

“Make it in the Emirates 2026” mayın 4–7-də Abu-Dabidəki ADNEC Mərkəzində keçirilir. Tədbir BƏƏ-nin sənaye, qabaqcıl texnologiyalar və yerli istehsalı inkişaf etdirməyə yönəlmiş əsas platformalarından biri kimi təqdim olunur. ADNEC-in məlumatına görə, forum investorları, innovatorları və istehsalçıları ölkənin sənaye strategiyasına cəlb etməyi hədəfləyir.

Mübahisə isə hökumətyönlü media və sosial şəbəkələrdə yayılan videolardan sonra yaranıb. Həmin görüntülərdə hücum mənbələri kimi ekranlarda Səudiyyə Ərəbistanı, Qətər, İran və ABŞ göstərilib. Daha sonra Əbu-Dabi rəsmilərinin mövqeyi yumşaltdığı, bunun həmin dövlətlərin birbaşa hücumu kimi deyil, VPN, özəl şəbəkələr və həmin ölkələrdə yerləşən istifadəçilər üzərindən baş verə biləcək trafik kimi qiymətləndirilməli olduğu bildirilib.

Kibertəhlükəsizlik baxımından bu fərq mühümdür: hücumun texniki olaraq hansı ölkədən gəldiyini göstərən IP ünvanı həmin dövlətin rəsmi iştirakını sübut etmir. VPN, proksi serverlər, botnetlər və ələ keçirilmiş cihazlar vasitəsilə hücumlar başqa ölkələrdən gəlirmiş kimi görünə bilər. Buna görə də belə hallarda “mənbə ölkə” ilə “dövlətin təşkil etdiyi hücum” anlayışları ayrı təqdim olunmalıdır.

BƏƏ son aylarda kiberhücumların artması barədə dəfələrlə xəbərdarlıq edib. “Reuters”-in fevralda yaydığı məlumata görə, BƏƏ dövlət agentliyi ölkənin rəqəmsal infrastrukturu və həyati sektorlarına qarşı təşkilatlanmış kiberhücumların qarşısının alındığını bildirmiş, lakin hücumlara görə konkret tərəfin adını çəkməmişdi. Həmin hücumların şəbəkələrə sızma, ransomware və fişinq kampaniyalarını əhatə etdiyi qeyd olunmuşdu.

BƏƏ Kibertəhlükəsizlik Şurası da “Make it in the Emirates” təşəbbüsü çərçivəsində sənaye və kritik infrastrukturun müdafiəsinə yönəlmiş yeni əməkdaşlıqlar elan edib. “WAM”-ın məlumatına görə, şura “Dragos” şirkəti ilə birlikdə əməliyyat texnologiyaları üzrə Kibertəhlükəsizlik Mükəmməllik Mərkəzi yaradıb. Şuranın rəhbəri Məhəmməd Əl-Küveyti bildirib ki, bu addımlar kritik infrastruktura qarşı artan kiberhücumlar fonunda atılır.

Hadisənin siyasi həssaslığı isə ondadır ki, Səudiyyə Ərəbistanı və Qətərin adlarının ictimai görüntülərdə hücum mənbəyi kimi göstərilməsi Körfəz daxilində əlavə suallar doğurub. Əgər rəsmi ittiham irəli sürülmürsə, bu ölkələrin adlarının açıq şəkildə nümayiş etdirilməsi texniki məlumatın siyasi mesaj kimi qəbul olunmasına səbəb ola bilər. Hazırda BƏƏ tərəfindən Səudiyyə Ərəbistanı, Qətər, İran və ya ABŞ-a qarşı rəsmi dövlət ittihamı elan edilməyib.

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.