Kamala Harris 2028-ci il seçkilərinə hazırlaşır?

ABŞ-nin sabiq vitse-prezidenti Kamala Harris xarici siyasətlə bağlı çıxışında Amerikanın keçmişə deyil, gələcəyə yönəlməli olduğunu bildirib. Onun açıqlamaları 2028-ci il prezident seçkilərində mümkün namizədliyi barədə müzakirələri yenidən gündəmə gətirib.

35

ABŞ-nin sabiq vitse-prezidenti Kamala Harris ölkəsinin xarici siyasətinə dair çıxışında mövcud beynəlxalq yanaşmaların dəyişdirilməsinə çağırıb. O, Amerikanın keçmişdə formalaşmış siyasi modellərə bağlı qalmamalı olduğunu vurğulayıb. Harrisin çıxışı onun 2028-ci il prezident seçkilərində yenidən namizədliyini irəli sürə biləcəyi barədə müzakirələr fonunda diqqət çəkib.

MSNews.az xəbər verir ki, Harris Cənubi Koreyanın paytaxtı Seulda Asan Siyasi Araşdırmalar İnstitutunda çıxış edərək ABŞ-nin beynəlxalq liderliyi, müttəfiqləri ilə münasibətləri və dəyişən dünya nizamı barədə danışıb. Çıxışın mətni onun rəsmi bloqunda yayımlanıb.

Sabiq vitse-prezident son illərdə baş verən hadisələrin ABŞ-nin ənənəvi xarici siyasət yanaşmalarının müasir problemlərin həlli üçün kifayət etmədiyini göstərdiyini bildirib.

“Son bir neçə il bizə göstərdi ki, Amerika xarici siyasətinin köhnəlmiş yanaşmaları qarşılaşdığımız çağırışların həlli üçün kifayət etmir”, – deyə Harris vurğulayıb.

O, beynəlxalq münasibətlərdə keçmiş siyasi modellərə qayıtmaq cəhdlərini tənqid edib.

Harrisin sözlərinə görə, bəzi siyasi qüvvələr İkinci Dünya müharibəsindən əvvəlki dövrün güc siyasətini və təsir dairələri uğrunda rəqabətini yenidən canlandırmağa çalışırlar.

Digər siyasi qüvvələr isə dəyişən beynəlxalq şəraitə uyğunlaşmaq əvəzinə İkinci Dünya müharibəsindən sonra formalaşmış dünya nizamını olduğu kimi qorumağa üstünlük verirlər.

“Lakin bizim keçmişə nostalji ilə yanaşmaq imkanımız yoxdur. Amerika gələcəyə baxmalıdır”, – deyə sabiq vitse-prezident bildirib.

Çıxışında Harris beynəlxalq əməkdaşlığın və müttəfiqlərlə münasibətlərin əhəmiyyətini vurğulayıb.

O, süni intellektin inkişafı, kibertəhlükəsizlik və müasir texnologiyaların yaratdığı risklərə qarşı beynəlxalq səviyyədə birgə tədbirlərin görülməsini vacib hesab etdiyini bildirib.

Harris ABŞ ilə Çin arasında süni intellektin təhlükəsiz istifadəsinə dair beynəlxalq standartlar üzrə əməkdaşlığın mümkünlüyünü də müdafiə edib.

“Reuters” agentliyinin məlumatına görə, sabiq vitse-prezident Donald Tramp administrasiyasının gömrük tarifləri və xarici siyasət yanaşmalarını da tənqid edib.

Harrisin çıxışı ABŞ-də növbəti prezident seçkiləri ilə bağlı müzakirələrin fəallaşdığı dövrə təsadüf edir.

2024-cü il prezident seçkilərində Demokratlar Partiyasının namizədi olmuş Harris Donald Trampa məğlub olduqdan sonra siyasi fəaliyyətini davam etdirib.

Lakin sabiq vitse-prezident 2028-ci ildə yenidən prezidentliyə namizəd olub-olmayacağı barədə yekun qərar vermədiyini açıqlayıb.

Oktyabrın 14-də yayımlanan müsahibəsində Harris hələ qərar qəbul etmədiyini bildirib və hazırda əsas diqqətini 2026-cı il Konqres seçkilərinə yönəltdiyini vurğulayıb.

ABŞ-nin “The Washington Post” qəzeti də Demokratlar Partiyası daxilində Harrisin mümkün namizədliyinə münasibətin birmənalı olmadığını yazıb.

Nəşrin məlumatına görə, bəzi demokratlar onun siyasi təcrübəsini və tanınmasını üstünlük hesab etsələr də, digərləri 2024-cü il seçkilərindəki məğlubiyyətin növbəti kampaniyaya təsirindən narahatdırlar.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.