Çin Tayvan ətrafında gizli hərbi təlim keçirib

Çin noyabrın əvvəlində Tayvan ətrafında və Sakit okeanın qərbində 100-dən çox hərbi gəminin iştirakı ilə əvvəlcədən elan edilməmiş genişmiqyaslı təlimlər keçirib. Manevrlərdə şəhərlərə və xarici hərbi qüvvələrə hücum ssenarilərinin məşq edildiyi bildirilir.

50

Çin noyabrın əvvəlində Tayvan ətrafında və Sakit okeanın qərb hissəsində 100-dən çox hərbi və sahil mühafizə gəmisinin iştirakı ilə genişmiqyaslı, əvvəlcədən elan edilməmiş hərbi təlimlər keçirib. Manevrlər zamanı xarici hərbi qüvvələrə və şəhərlərə mümkün hücumların simulyasiya edildiyi bildirilir.

MSNews.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi Tayvanın təhlükəsizlik rəsmilərinə istinadən məlumat yayıb.

Adının açıqlanmasını istəməyən yüksəkvəzifəli Tayvan rəsmisinin sözlərinə görə, təlimlərdə Çinin şərq, şimal və cənub hərbi komandanlıqlarının qüvvələri iştirak edib. Manevrlərin miqyası Pekinin ötən il Tayvan ətrafında keçirdiyi rəsmi təlimlərdən daha böyük olub.

Tayvan rəsmiləri əməliyyatları “səssiz qorxutma” kampaniyası kimi qiymətləndiriblər. Onların fikrincə, Çin bununla həm adaya, həm də regiondakı digər dövlətlərə hərbi təzyiq göstərməyə çalışıb.

Təlimlər çərçivəsində Tayvanın mümkün dəniz blokadası, xarici hərbi qüvvələrin fəaliyyətinin məhdudlaşdırılması və müxtəlif hədəflərə zərbələrin endirilməsi ssenarilərinin məşq edildiyi bildirilir.

Tayvanın müdafiə naziri Vellinqton Ku da Çinin bölgədə təyyarədaşıyan gəmi və digər hərbi birləşmələrlə genişmiqyaslı manevrlər həyata keçirdiyini təsdiqləyib. Bununla belə, Pekin təlimləri rəsmi şəkildə elan etməyib və hərbi fəaliyyətin müəyyən ölkəyə qarşı yönəlmədiyini bildirib.

Hadisə 18–19 noyabrda Çinin Şençjen şəhərində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti ərəfəsində baş verib. Sammit çərçivəsində ABŞ Prezidenti Donald Tramp və Çin lideri Si Cinpinin görüşü gözlənilir. Rusiya Prezidenti Vladimir Putinin də iştirak edəcəyi üçtərəfli görüş barədə diplomatik müzakirələr aparılır.

Qeyd edək ki, Pekin Tayvanı öz ərazisinin bir hissəsi hesab edir və adanın birləşdirilməsi üçün güc tətbiqini istisna etmir. Tayvan rəhbərliyi isə Çinin suverenlik iddialarını qəbul etmir.