Birləşmiş Ərəb Əmirlikləri mayın 1-dən OPEC və OPEC+ formatından çıxacağını açıqlayıb.
“Reuters”-in məlumatına görə, bu qərar neft ixracatçıları alyansı və onun faktiki lideri sayılan Səudiyyə Ərəbistanı üçün ciddi zərbə kimi qiymətləndirilir. Qərar İranla müharibənin qlobal enerji bazarlarında tarixi sarsıntı yaratdığı və dünya iqtisadiyyatında qeyri-sabitliyi artırdığı bir vaxta təsadüf edir.
BƏƏ uzun illər OPEC-in mühüm üzvlərindən biri olub və Körfəz regionunda əsas neft istehsalçıları sırasında yer alıb. Ölkənin alyansdan ayrılması təşkilat daxilində həm hasilat kvotaları, həm də geosiyasi mövqelər üzrə uzun müddətdir mövcud olan fikir ayrılıqlarını yenidən gündəmə gətirib. Bu addım OPEC-in ənənəvi olaraq nümayiş etdirməyə çalışdığı birlik görüntüsünü zəiflədə və neft bazarında koordinasiya mexanizmlərini çətinləşdirə bilər.
BƏƏ-nin qərarı təkcə iqtisadi deyil, həm də siyasi siqnal kimi dəyərləndirilir. “Reuters”-in məlumatında bildirilir ki, Əbu-Dabi son dövrdə Körfəz və ərəb tərəfdaşlarından İranla bağlı gərginlik fonunda gözlədiyi səviyyədə siyasi və hərbi dəstək görməməsindən narazı qalıb. Bu narazılıq ölkənin enerji siyasətində daha müstəqil xətt götürməsinə təsir edən amillərdən biri kimi göstərilir.
Qərar həm də ABŞ Prezidenti Donald Tramp üçün diplomatik üstünlük kimi təqdim olunur. Tramp uzun müddətdir OPEC-i neft qiymətlərini süni şəkildə yüksək saxlamaqda ittiham edir və ABŞ-ın Körfəz ölkələrinə təhlükəsizlik dəstəyi ilə enerji siyasəti arasında balanssızlıq olduğunu bildirirdi. BƏƏ-nin alyansdan çıxması Vaşinqtonun qlobal enerji bazarında təsir imkanlarını artıran addım kimi qiymətləndirilir.
Son aylarda İranla müharibə və Hörmüz boğazı ətrafındakı gərginlik qlobal neft tədarükünü ciddi şəkildə pozub. Reuters-in əvvəlki təhlilinə görə, boğazın bağlanması və Körfəz istehsalçılarının ixrac imkanlarının məhdudlaşması OPEC-in bazara təsir imkanlarını zəiflədib, ABŞ isə artan ixrac və strateji ehtiyatlardan istifadə etməklə enerji bazarında daha fəal rol oynamağa başlayıb.
BƏƏ-nin OPEC və OPEC+ formatından çıxması neft bazarında yeni qeyri-müəyyənlik yaradacaq. Ən mühüm sual ölkənin bundan sonra hasilat siyasətini alyans kvotalarından kənar necə quracağı, Səudiyyə Ərəbistanı ilə enerji koordinasiyasının hansı səviyyədə davam edəcəyi və OPEC+ daxilində digər istehsalçıların bu qərara necə reaksiya verəcəyidir.