Hatəmi: “Hörmüz boğazı əvvəlki vəziyyətinə qayıtmayacaq”

İran Ordusunun baş komandanı Əmir Hatəmi Hörmüz boğazını ölkənin “Tanrının bəxş etdiyi geosiyasi potensialı” adlandıraraq, bu təsir rıçağının əvvəlki vəziyyətinə qayıtmayacağını bildirib.

55

İran Ordusunun baş komandanı general-mayor Əmir Hatəmi Hörmüz boğazının Tehran üçün strateji təsir vasitəsinə çevrildiyini və bundan sonra əvvəlki vəziyyətinə qayıtmayacağını bildirib. İranın rəsmi “IRNA” agentliyi Hatəminin avqustun 16-da jurnalistlərin təltif olunması mərasimində çıxış etdiyini xəbər verir.

MSNews.az xəbər verir ki, Hatəmi Hörmüzü İran xalqına “Tanrının bəxş etdiyi geosiyasi potensial” kimi xarakterizə edib. “Mehr News” onun sözlərinə istinadən yazır ki, İran bu imkanın mövcudluğunu əvvəldən bilsə də, son hərbi qarşıdurmalar onun real siyasi və hərbi təsir rıçağına çevrilməsinə səbəb olub.

Hatəmi bu prosesin ABŞ Prezidenti Donald Trampın siyasətinin nəticələrindən biri olduğunu bildirib. İranlı generalın sözlərinə görə, Tehran Hörmüz boğazı üzərində əldə etdiyi yeni təsir imkanlarını qorumaq niyyətindədir və bu məqsədlə zəruri hesab etdiyi resurslardan istifadə edəcək.

O, həmçinin Hörmüz amilini müharibənin İran üçün yeni təhlükə yaratmayacaq şəkildə başa çatdırılmasının əsas vasitələrindən biri kimi təqdim edib. Hatəminin fikrincə, bu təsir rıçağı “müharibə kölgəsinin İranın üzərindən götürülməsi” üçün istifadə edilməlidir.

İranın rəsmi “IRNA” agentliyi Hatəminin eyni çıxışda ABŞ qüvvələrinin Fars körfəzi, Oman dənizi və Hörmüz boğazındakı əvvəlki mövqelərinə qayıtmasına İranın imkan verməyəcəyini də söylədiyini bildirir. Bu bəyanatlar Tehranın Hörmüz boğazını hərbi-siyasi danışıqlarda strateji vasitə kimi gördüyünü açıq şəkildə göstərir.

Qeyd edək ki, Əmir Hatəmi 2025-ci ilin iyununda İran Ordusunun baş komandanı təyin edilib.