Birləşmiş Ərəb Əmirliklərində İranın dron və raket zərbələrinin görüntülərini çəkərək sosial şəbəkələrdə paylaşan onlarla insan saxlanılıb. Ölkənin hüquq-mühafizə orqanları bildirir ki, bu cür materialların yayılması kiber cinayətlər haqqında qanunvericiliyin pozulması hesab olunur və saxlanılan şəxsləri həbs cəzası ilə yanaşı iri məbləğdə cərimələr də gözləyə bilər.
AFP agentliyinin məlumatına görə, Abu-Dabi polisinin Cinayət Axtarış İdarəsi müxtəlif millətlərdən olan 45 nəfəri cari hadisələr zamanı müxtəlif obyektləri və hava hücumlarını çəkərək bu görüntüləri sosial şəbəkələrdə yaydıqları üçün saxlayıb. Polis qeyd edib ki, saxlanılan şəxslər eyni zamanda “dəqiq olmayan və ictimaiyyəti çaşdıran məlumatların yayılması” ilə də ittiham olunurlar.
Bundan əvvəl Dubayda da oxşar səbəblərlə 20-dən çox insanın saxlanıldığı bildirilmişdi. Onların arasında 60 yaşlı britaniyalı da var. Məlumata görə, o, şəhər üzərində uçan İran raketlərini videoya çəkdiyinə görə kiber cinayətlər haqqında qanunu pozmaqda ittiham olunur.
Dubayda saxlanılan xarici vətəndaşlara hüquqi yardım göstərən “Detained in Dubai” təşkilatının rəhbəri Radha Sterlinq bildirib ki, həmin britaniyalı London sakini olsa da, polis ona irad bildirdikdən dərhal sonra videonu telefonundan silib. Buna baxmayaraq, o yenə də həbs olunub. Sterlinqin sözlərinə görə, eyni səbəbdən daha 20 nəfər saxlanılıb.
O vurğulayıb ki, BƏƏ-nin kiber cinayətlər haqqında qanununa əsasən məsuliyyət yalnız videonu ilk dəfə paylaşan şəxslərə deyil, həm də onu redaktə edən, yenidən paylaşan və ya şərh edən istifadəçilərə də şamil edilə bilər. Bu isə nəzəri olaraq bir videoya görə onlarla insanın cinayət məsuliyyətinə cəlb olunmasına səbəb ola bilər.
Qanunvericiliyə əsasən, belə hallara görə iki ilə qədər həbs və 20 min dirhəmdən 200 min dirhəmə qədər (təxminən 5450 – 54500 dollar) cərimə nəzərdə tutulur.
Britaniyanın “The Guardian” qəzeti qeyd edir ki, döyüş əməliyyatlarının icazəsiz çəkilişinə qadağalar dünyanın bir çox ölkəsində tətbiq olunur. Lakin Dubayda bu məsələ xüsusilə diqqət çəkir, çünki şəhərdə sosial şəbəkələr üçün video kontent istehsal edən minlərlə bloqer və influnser yaşayır.
Bununla belə, mövcud qadağalara baxmayaraq sosial şəbəkələrdə BƏƏ istiqamətinə yönəlmiş İran zərbələrinin çoxsaylı videolarının yayılması davam edir.