Azərbaycanda mərkəzi icra hakimiyyəti orqanlarının – nazirliklərin, dövlət xidmətləri və agentliklərin fəaliyyət qaydaları yenilənib. Prezident İlham Əliyevin 17 noyabr 2025-ci il tarixli Fərmanı ilə təsdiqlənmiş yeni Nümunəvi Əsasnamə dövlət idarəçiliyində uzun müddətdir gözlənilən institusional modernizasiyanı rəsmiləşdirir. Sənəd əvvəlki modeldən həm struktur, həm maliyyə, həm də kadr idarəçiliyi baxımından ciddi fərqlənir və dövlət orqanlarının səlahiyyət və məsuliyyət çərçivəsini yenidən müəyyənləşdirir.
Yeni yanaşmaya əsasən, nazirliklər artıq yalnız siyasət hazırlayan qurum deyil, həm də həmin siyasətin icrasına nəzarət edən və koordinasiya aparan baş icraedici institut kimi təsbit edilir. “Dövlət siyasəti və tənzimləmə” anlayışı daha konkret istiqamətlərə bölünərək “dövlət nəzarəti”, “dövlət tənzimlənməsi” və “əlaqələndirmə” kimi ayrıca fəaliyyət sahələrinə çevrilir. Bu dəyişikliklər qurumların nəticə yönümlü fəaliyyətini ölçməyi asanlaşdırır və hesabatlılığı artırır.
Rəhbərlərin məsuliyyət dairəsi də genişlənib. Nazirlik daxilində korrupsiya risklərinin qiymətləndirilməsi, şəxsi məsul şəxsin təyin edilməsi, dövlət-özəl tərəfdaşlığının təşkili, elmi tədqiqatlar və beynəlxalq layihələrdə iştirak rəhbərliyin birbaşa vəzifəsinə çevrilib. Rəqəmsallaşma ilə bağlı tələblər də artırılıb: nazirliklər rəsmi internet resurslarını yeniləməli, sənəd dövriyyəsini tam rəqəmsal sistem üzərindən aparmalıdır.
Yeni əsasnamə rəhbərlərə daha geniş idarəetmə sərbəstliyi verir. Ştatların müəyyən edilməsi, daxili strukturun formalaşdırılması, büdcə vəsaitinin bölüşdürülməsi və tabeli qurumlara nəzarət səlahiyyətləri birbaşa müəssisə rəhbərlərinə həvalə olunur. Həmçinin Kollegiya institutunun rolu genişlənərək müxtəlif sahələr üzrə birgə normativ aktların qəbuluna imkan yaradılır. Apellyasiya Şuralarının funksiyaları da genişləndirilib.
İqtisadçı ekspert, REAL Partiyasının sədri Natiq Cəfərli yenilikləri şərh edərkən bildirib ki, idarəetmədə şəffaflığın artırılması üçün yalnız icraçı qurumların səlahiyyətlərinin genişləndirilməsi yetərli deyil:
“Korrupsiya və qeyri-qanuni qərarların qarşısını ala biləcək əsas institut məhkəmələrdir. Məhkəmələr ədalətli qərarlar vermək imkanına malik olmalıdır ki, çəkindirici mexanizm güclənsin. İctimai şuraların məsləhətçi rolunun artırılması müsbət addımdır, lakin onların korrupsiya və dövlət əmlakının mənimsənilməsi kimi hallara nəzarət imkanı yoxdur. Bu funksiyanı məhkəmə hakimiyyəti və media həyata keçirə bilər.”
Ümumilikdə, yeni əsasnamə dövlət idarəçiliyində daha çevik, daha şəffaf və məsuliyyətli modelə keçidi hədəfləyir. Ekspertlər sənədin dövlət qurumlarının effektivliyini artıracağını və cəmiyyətlə dövlət arasında qarşılıqlı etimadı gücləndirəcəyini bildirirlər.
MSNews.az