İnsan bədəninin “qüsurlu” olub-olmaması elmi və fəlsəfi müzakirələrin mərkəzində dayanmağa davam edir; bu mövzunu praktiki formada gündəmə gətirən layihələrdən biri də britaniyalı alim, anatom və antropoloq professor Alisa Robertsin “Alice 2.0” adlı eksperimentidir.
Layihə 2012-ci ildə start götürüb və əsas məqsəd insan bədənində zəif hesab edilən orqanları heyvanların daha üstün anatomik xüsusiyyətləri ilə əvəz edərək “mükəmməl insan” modelini yaratmaq olub.
Professor Roberts təkamül nəzəriyyəsi prizmasından çıxış edərək insanın minilliklər ərzində ətraf mühitə uyğunlaşsa da, bəzi bioloji problemləri bu günə qədər daşıdığını vurğulayıb. Onun fikrincə, bel ağrıları, diz problemləri, ürək-damar xəstəlikləri və tənəffüs sistemi ilə bağlı risklər insan anatomiyasının əsas çatışmazlıqları sırasındadır. Məhz, bu yanaşma “Alice 2.0” layihəsinin elmi əsasını təşkil edib.
Layihəyə ilk rəsmi dəstək London Elm Muzeyindən gəlib. Muzeyin o dövrdəki xarici əlaqələr direktoru Rocer Hayfild bu təşəbbüsü insan anatomiyasına fərqli baxış bucağı qazandıran elmi eksperiment kimi dəyərləndirib. Üç ay ərzində həyata keçirilən layihədə anatomistlər, tibb mütəxəssisləri və qrafik dizaynerlər iştirak edib, professorun bədəni isə müasir texnologiyalarla – MR, rentgen və çoxkameralı çəkilişlərlə detallı şəkildə analiz olunub.
Araşdırmalar nəticəsində ilk ciddi problem kimi onurğa sütunundakı disk sürüşməsi ön plana çıxıb. Bu səbəbdən yeni modeldə insan onurğası şimpanze onurğası ilə əvəz edilib. Alimlərin fikrincə, şimpanzelərin daha düz onurğası bel problemlərini minimuma endirə bilərdi. Hərəkət sistemi üçün isə dəvəquşuların ayaq anatomiyası nümunə götürülüb. Bu dəyişiklik sürətli hərəkəti asanlaşdırsa da, dırmanma qabiliyyətini demək olar ki, tam aradan qaldırırdı.
Ürək-damar sistemi sahəsində də maraqlı dəyişikliklər təklif olunub. Kardioloq Aleks Lyonun elmi şərhlərinə əsaslanan modeldə insan ürəyi itlərin kollateral damar sistemindən ilhamlanaraq yenidən dizayn edilib. Məqsəd ürək tutmalarına səbəb olan damar tıxanmalarının qarşısını almaq idi. Bundan əlavə, ayaqlarda əlavə “mini ürəklər” funksiyasını daşıyan damar strukturları nəzərdə tutulub.
Layihədə qadın anatomiyası da diqqət mərkəzində olub. Hamiləlik nəticəsində yaranan göbək yırtığı problemini aradan qaldırmaq üçün modelə kenquru kisəsi əlavə edilib. Bu dəyişiklik bioloji baxımdan funksional sayılsa da, estetik və sosial baxımdan ciddi suallar doğurub. Tənəffüs sistemində isə quşların anatomiyasından ilhamlanaraq yemək və nəfəs borularının ayrılması ideyası irəli sürülüb.
Görmə, eşitmə və dəri strukturu da yenidən dizayn edilib. Osminoq və bayquş gözlərinin kombinasiyası daha geniş baxış bucağı və dəqiq fokuslanma vəd etsə də, insan simasının tamamilə dəyişməsinə səbəb olub. Pişik qulaqları daha güclü eşitmə qabiliyyəti qazandırsa da, gündəlik həyat üçün qeyri-praktik hesab edilib. Qurbağalardakı kimi rəng dəyişə bilən dəri isə həm günəş şüalarından qorunma, həm də “D” vitamini sintezi baxımından üstünlük kimi təqdim edilib.
Bütün dəyişikliklər yekunlaşdıqdan sonra “Alice 2.0” modeli London Elm Muzeyində nümayiş etdirilib. Lakin professor Alisa Roberts nəticədən tam razı qalmadığını etiraf edib. Onun sözlərinə görə, hər bir “üstünlük” eyni zamanda yeni bir məhrumiyyət yaradırdı. Layihə insan bədəninin təkmilləşdirilə bilən tərəfləri olsa da, bütöv sistem kimi nə qədər balanslı qurulduğunu bir daha ortaya qoyub.

Mütəxəssislər qeyd edirlər ki, bu layihə insan anatomiyasını dəyişməkdən çox, təkamülün və təbiətin yaratdığı balansı anlamaq baxımından əhəmiyyətlidir. “BBC Horizon” proqramı, London Elm Muzeyinin elmi arxivləri və bir sıra tibb jurnallarında dərc olunan analizlər də “Alice 2.0” layihəsini elmi-fantastik yanaşma ilə real biologiya arasındakı sərhədi göstərən maraqlı eksperiment kimi dəyərləndirir.