ABŞ Suriyadakı gizli nüvə obyektinə görə razılaşmaya vasitəçilik edib

“Axios” ABŞ-nin Suriyadakı “Site 99” obyektində qalan nüvə materiallarının BAEA tərəfindən çıxarılması üçün Dəməşq və İsrail arasında gizli anlaşmaya vasitəçilik etdiyini yazır.

48

ABŞ administrasiyası Suriyada Bəşər Əsəd dövründən qalan məxfi nüvə materiallarının təhlükəsiz şəkildə çıxarılması üçün Dəməşq və İsrail arasında aylarla davam edən gizli diplomatik prosesə vasitəçilik edib.

MSNews.az xəbər verir ki, “Axios” ABŞ və İsrail rəsmilərinə istinadən Beynəlxalq Atom Enerjisi Agentliyinin — BAEA-nın yaxın zamanda “Site 99” adlandırılan məxfi obyektdə saxlanılan nüvə materiallarını çıxarmağa hazırlaşdığını yazır.

Mənbələrə görə, “Site 99” Bəşər Əsəd hakimiyyəti dövründə yaradılmış gizli nüvə proqramının mərkəzində dayanan Əl-Kibar reaktoru layihəsi ilə əlaqəli olub. İsrail Əl-Kibardakı ehtimal olunan reaktoru 2007-ci ildə hava zərbəsi ilə məhv etmişdi. BAEA ötən il həmin layihə ilə əlaqəli olduğu ehtimal edilən üç ərazidən birində uran izləri aşkarladığını açıqlamışdı.

“Axios”un iki israilli rəsmiyə istinadən məlumatına görə, Əsəd hökuməti Əl-Kibar layihəsinə aid nüvə materiallarının bir hissəsini “Site 99”da saxlayıb. ABŞ rəsmisi materialların arasında “yellowcake” — uran filizi konsentratının da olduğunu bildirib. Bu material birbaşa nüvə silahında istifadə oluna biləcək səviyyədə zənginləşdirilmiş uran deyil.

Həmin mənbə “Site 99”da Əl-Kibar obyektindən gətirilmiş başqa qalıq materialların da olduğunu bildirib. “Axios”un məlumatında bu materialların nüvə silahı üçün birbaşa yararlı olmadığı, lakin radioaktiv maddələrin yayılmasına əsaslanan “çirkli bomba” riskinə görə təhlükəsizlik narahatlığı yaratdığı qeyd olunur.

İsrail rəsmilərinin sözlərinə görə, Əsəd hakimiyyətinin 2024-cü ilin sonunda süqutundan sonra İsrail qüvvələri üçüncü şəxslərin obyektə girişini çətinləşdirmək məqsədilə “Site 99”un girişlərini vurub. Son həftələrdə ərazidə hərəkətlilik müşahidə edən İsrail tərəfi yeni Suriya hakimiyyətinin materiallara çıxış əldə etməyə çalışdığından şübhələnib. İsrail rəsmilərinin Türkiyənin də prosesə yardım edə biləcəyindən narahat olduqları bildirilir. Bu iddialar İsrail və ABŞ mənbələrinin qiymətləndirməsidir və Dəməşq tərəfindən təsdiqlənməyib.

“Axios” yazır ki, İsrail materiallar çıxarılmayacağı təqdirdə obyektə yenidən zərbə endirə biləcəyini Vaşinqtona çatdırıb. ABŞ isə İsraildən hərbi addım atmamağı istəyərək BAEA-nı prosesə cəlb edib. Mənbəyə görə, nəticədə təxminən üç həftə əvvəl BAEA ilə Suriya hökuməti arasında materialların çıxarılması barədə razılaşma imzalanıb. Əməliyyat hələ başlamayıb və onun ilin sonunadək yekunlaşdırılması planlaşdırılır. Ağ Ev, BAEA və İsrail Baş nazirinin ofisi “Axios”un sorğusuna şərh verməyib.

Bununla belə, Suriya tərəfi məlumatın bəzi hissələrini mübahisələndirir. “Reuters”ə danışan məlumatlı suriyalı rəsmi BAEA ilə nüvə dosyesi üzrə danışıqların davam etdiyini, “yekun razılaşmanın hələ bağlanmadığını” və prosesdə İsrailin rolunun olmadığını bildirib.

Suriya Atom Enerjisi Komissiyası isə BAEA nümayəndə heyətinin yaxın günlərdə ölkəyə səfər edəcəyini və Suriyanın keçmiş nüvə fəaliyyəti ilə bağlı məsələlərdə “əhəmiyyətli irəliləyiş” elan olunacağını açıqlayıb. Yeni Suriya hakimiyyəti Əsəd dövründən qalan nüvə məsələlərinin tam aydınlaşdırılması üçün BAEA ilə əməkdaşlıq etməyə hazır olduğunu bildirir.