İslamın ilk mərkəzi barədə iddialar: Petra həqiqətən də ilk qiblə ola bilərmi?

Son arxeoloji və tarixi araşdırmalar İslamın ilkin qibləsinin və ilk şəhərinin Məkkə deyil, Petra ola biləcəyi barədə yeni iddialar irəli sürür. Məqalə bu nəzəriyyəni dəstəkləyən faktları və tədqiqatları izah edir.

138

Bu gün dünya əhalisinin böyük bir hissəsi islam dininə sitayiş edir; milyonlarla müsəlman gündəlik ibadətlərini yerinə yetirir, həcc ziyarətinə gedir və Məkkəni dinin mərkəzi kimi qəbul edir. Son əsrlər ərzində Məkkə qiblə olaraq bütün müsəlmanların üz tutduğu müqəddəs şəhər hesab olunub və “bütün şəhərlərin anası” kimi xatırlanıb. Bununla belə, son illərdə aparılan arxeoloji araşdırmalar və qədim mənbələrin təhlili müəyyən suallar doğurur: Məkkə həqiqətən də islamın ilk şəhəri idimi?

Tədqiqatçıların diqqət çəkdiyi əsas məqam, müasir Məkkə şəhərinin altında qədim yaşayış qatının, arxeoloji tapıntıların və ya ilkin şəhər qalıqlarının aşkar edilməməsidir. Ərəbistan yarımadasındakı hər tikinti prosesində Mədəniyyət Nazirliyinin nümayəndəsinin iştirakı məcburi olsa da, Məkkədə aparılan böyükmiqyaslı tikinti işlərində bu qaydaya əməl olunmaması əlavə suallar yaradır. Maraqlı faktlardan biri də budur ki, “Quran”da “Məkkə” adı yalnız bir dəfə keçir; digər hallarda daha çox “Bəkkə” ifadəsinə rast gəlinir. Üstəlik, Məkkə adına 740-cı ildən əvvəl heç bir tarixi mənbədə təsadüf olunmur. Coğrafi xəritələr də şəhərin karvan yollarına düşmədiyini, dolayısıyla ticarət mərkəzi kimi fəaliyyət göstərmədiyini göstərir. O dövr tarixçilərinin yazdıqlarına görə, bölgə nə meyvə bağları, nə su kanalları, nə də məhsuldar torpaqlarla tanınmırdı.

Bütün bu faktlar araşdırmaçıları başqa sual qarşısında qoyur: İslamın ilk şəhəri və qibləsi harada yerləşirdi? Tədqiqatçıların mühüm hissəsi bu sualın cavabının hazırda İordaniya ərazisində yerləşən qədim Petra şəhəri ola biləcəyini düşünür. Petra bu gün dünyanın ən çox ziyarət edilən tarixi məkanlarından biridir və apardıqları araşdırmalara əsasən, bir çox alim islamın ilkin mərkəzinin məhz, burada ola biləcəyini iddia edir.

Bu iddianı dəstəkləyən arqumentlər çoxdur. Əvvəla, qədim islam mənbələrində təsvir olunan coğrafi xüsusiyyətlər – məhsuldar torpaq, su kanalları, meyvə bağları və ticarət yollarının qovşağı – Petra ilə tam üst-üstə düşür. Nəbatilərin paytaxtı olmuş bu şəhərdə Məhəmməd peyğəmbərin babası və atasının yaşadığına dair məlumatlar da mövcuddur. Buxarinin yazdığı “Məhəmməd Məkkəyə yuxarı tərəfdən daxil olur, aşağı tərəfdən çıxırdı” ifadəsi Məkkənin relyefi ilə uyğun gəlməsə də, Petra üçün tam xarakterikdir.

Son illərdə aparılan qiblə araşdırmaları da diqqət çəkir. İslamın ilkin dövrlərində, yəni VII–VIII əsrlərdə inşa edilmiş bir neçə məscidin qibləsi müəyyən edildikdə, hamısının istiqamətinin Yerusəlimdən cənuba, bir nöqtəyə — Petra üzərinə yönəldiyi müşahidə olunmuşdur. Çinin Quanjou məscidi (627), Misirin Fustat məscidi (641), Livan və İordaniyadakı Umayyad dövrü məscidləri, Yəmənin Səna məscidi (705), İsrail və İraq ərazisindəki məscidlər, hətta Əl-Əqsa məscidinin ilkin qibləsinin də Petra istiqamətində olduğu iddia edilir. Bu məscidlərin bir qismi sonrakı əsrlərdə yenidən tikilərək qiblələri indiki Məkkəyə uyğunlaşdırılıb.

Tədqiqatçılar həmçinin “Bəkkə” sözünün məhz Petra ilə əlaqələndirilə biləcəyini düşünürlər. Sözün mənası “ağlaşma yeri” deməkdir və bu, Petra tarixində iz buraxmış hadisələrlə səsləşə bilər. 551-ci ildə baş vermiş güclü zəlzələ şəhəri dağıtmış və böyük insan tələfatına səbəb olmuşdur. Bu faciə “ağlaşma yeri” anlayışının mənşəyi ola bilər.

Qüreyşilərin yerləşdiyi məkan barədə də fərqli fikirlər mövcuddur. Araşdırmalar göstərir ki, onların yaşayış yeri kimi qeyd olunan ərazi bu günkü Məkkə ilə deyil, Petradan təxminən 45 km məsafədəki Umeyma adlı qədim yaşayış məskəni ilə uyğun gəlir.

Bu iddiaların dini təlimlərə və əsrlərdir formalaşmış inanc sisteminə necə təsir göstərəcəyi hələlik məlum deyil. Lakin arxeoloji tədqiqatların və tarixi mətnlərin analizi islamın yaranış mərkəzi ilə bağlı yeni müzakirələrə səbəb olur və çoxlu sualları gündəmə gətirir. Bu araşdırmaların ən fəal simalarından biri isə ömrünün 20 ilini ərəb çöllərində keçirərək araşdırmalar aparan tarixçi Dan Gibsondur.