Rusiyada internet FTX-nin məxfi qərarı ilə kəsilir

Rusiyada mobil internetin FTX-nin göstərişləri əsasında məhdudlaşdırıldığı məhkəmədə üzə çıxıb. Qurum pilotsuz uçuş aparatları təhlükəsi ilə bağlı məxfi hökumət qərarına istinad edib.

65

Rusiyada mobil internetin regionlarda Federal Təhlükəsizlik Xidmətinin (FTX) göstərişləri əsasında məhdudlaşdırıldığı məlum olub. Qurum bu tədbirləri pilotsuz uçuş aparatlarının hücum təhlükəsi ilə bağlı ictimaiyyətə açıqlanmayan hökumət qərarı ilə əsaslandırıb.

MSNews.az xəbər verir ki, bu barədə “Novaya Gazeta Europe” Volqoqradda keçirilən məhkəmə prosesinə istinadən məlumat yayıb.

Noyabrın 17-də Volqoqradın Mərkəzi Rayon Məhkəməsində 24 sakinin FTX, Roskomnadzor və mobil rabitə operatorlarına qarşı qaldırdığı kollektiv iddia üzrə ilk iclas keçirilib.

FTX məhkəməyə təqdim etdiyi mövqeyində internetin məhdudlaşdırılması üçün operatorlara göstəriş verildiyini bildirib. Qurum 11 sentyabr 2025-ci il tarixli, 1407 nömrəli hökumət qərarına istinad edib. Pilotsuz uçuş aparatlarının hücum təhlükəsi zamanı mobil rabitə xidmətlərini tənzimləyən sənədin üzərində “xidməti istifadə üçün” qrifi var.

“The Moscow Times” nəşrinin məlumatına görə, iddiaçılar 2025-ci ilin sentyabr-dekabr aylarında internetin mütəmadi kəsilməsi səbəbindən kompensasiya tələb edirlər.

Hüquqşünasların sözlərinə görə, Volqoqradda internet məhdudiyyətləri sözügedən qərarın qəbulundan bir-iki həftə əvvəl başlayıb. Bu isə həmin dövrdə tətbiq edilən məhdudiyyətlərin hüquqi əsasları ilə bağlı suallar yaradıb.

Bənzər vəziyyət 2025-ci ildə Tıva Respublikasında da qeydə alınıb. Yerli hakimiyyət internetin məhdudlaşdırılmasını Prezident Vladimir Putinin ictimaiyyətə açıqlanmayan fərmanı ilə əlaqələndirmişdi. “Mediazona” həmin fərmanın mətninin dərc olunmadığını bildirmişdi.

Məxfi qərarın tam məzmunu ictimaiyyətə açıq deyil. Volqoqrad sakinlərinin iddiası üzrə isə yekun məhkəmə qərarı hələ verilməyib.