Messi Argentina Futbol Assosiasiyası ilə qarşı-qarşıya gəldi

Lionel Messinin Argentina Futbol Assosiasiyasından onun görüntülərini kommersiya məqsədilə istifadə etməməyi tələb etdiyi bildirilir. Narazılığa pivə reklamı ilə bağlı müqavilə ziddiyyəti səbəb olub.

41

Argentina millisinin ulduzu Lionel Messinin ölkənin Futbol Assosiasiyasından (AFA) onun adından və görüntülərindən kommersiya məqsədilə istifadəni dayandırmağı tələb etdiyi bildirilir. Buna səbəb futbolçunun şəxsi reklam müqaviləsi ilə ziddiyyət təşkil edən pivə kampaniyasıdır.

MSNews.az xəbər verir ki, bu barədə Argentinanın “A24” telekanalı jurnalist Nikolas Vinyaskiyə istinadən məlumat yayıb.

Məlumata görə, Messi hüquqşünaslarına AFA-nın onun görüntülərindən kommersiya layihələrində istifadəsinə qarşı rəsmi xəbərdarlıq məktubu hazırlamağı tapşırıb.

Narazılığın əsas səbəbi assosiasiya prezidenti Klaudio Tapianın Argentina pivə brendlərindən birinə Messinin görüntülərindən reklam kampaniyasında istifadə etmək icazəsi verməsidir.

Messinin ABŞ-nin “Michelob Ultra” pivə brendi ilə reklam əməkdaşlığı var. Futbolçunun başqa pivə istehsalçısının reklamında yer alması bu razılaşma ilə ziddiyyət yarada bilər.

Argentinanın “Clarín” qəzetinin məlumatına görə, Messi ilə AFA rəhbərliyi arasında münasibətlərdə gərginlik yaranıb. Futbolçu öz adının və görüntülərinin icazəsiz kommersiya fəaliyyətlərində istifadəsinə qarşı çıxır.

Bununla belə, rəsmi məktubun artıq assosiasiyaya göndərilib-göndərilmədiyi hələlik dəqiq təsdiqlənməyib. Bəzi mənbələr sənədin hazırlandığını, digərləri isə göndərildiyini bildirirlər.