Merkeldən Avropaya çağırış: “Rusiya ilə dialoq saxlanılmalıdır”

Almaniyanın sabiq kansleri Angela Merkel Avropanı Rusiya ilə diplomatik təmasları qorumağa çağırıb. O, Ukraynaya dəstəyin davam etdirilməsinin və Moskva ilə dialoqun vacibliyini vurğulayıb.

57

Almaniyanın sabiq kansleri Angela Merkel Avropa ölkələrini Ukraynaya dəstəyi davam etdirməklə yanaşı, Rusiya ilə diplomatik əlaqələri qoruyub saxlamağa çağırıb. O, Moskva ilə təmasların çətin olmasına baxmayaraq, dialoq imkanlarının yaradılmasını vacib hesab etdiyini bildirib.

MSNews.az xəbər verir ki, Merkelin bu barədə açıqlaması noyabrın 13-də yayımlanıb. Sabiq kansler Avropanın Ukraynanın dəstəklənməsində böyük məsuliyyət daşıdığını, lakin Rusiya ilə coğrafi yaxınlığın da nəzərə alınmalı olduğunu vurğulayıb.

“Biz Ukraynanın dəstəklənməsi üçün böyük məsuliyyət daşıyırıq. Lakin Rusiya faktiki olaraq Avropa İttifaqının qonşusudur. Buna görə də, nə qədər çətin olsa da, Rusiya ilə diplomatik təmasları qorumağın yollarını tapmalıyıq”, – deyə Merkel bildirib.

Merkel daha əvvəl də Avropanın Moskva ilə diplomatik əlaqələrinin əhəmiyyətini vurğulayıb. Mayın 18-də Berlində keçirilən tədbirdə o, Avropa İttifaqının diplomatik potensialından kifayət qədər istifadə etmədiyini bildirib.

“The Guardian” və “ANSA” agentliyinin məlumatına görə, sabiq kansler Ukraynaya hərbi dəstəyi düzgün hesab etdiyini, bununla yanaşı, diplomatiyanın da mühüm rol oynadığını vurğulayıb.

Merkelin fikrincə, Avropa Ukrayna müharibəsinin həllinə dair danışıqlarda yalnız ABŞ-nin təşəbbüslərinə arxalanmamalı, özü də diplomatik prosesdə fəal iştirak etməlidir.

Qeyd edək ki, Almaniya kansleri Fridrix Merts də noyabrın 12-də Avropa dövlətlərinin Rusiya-Ukrayna sülh danışıqlarında iştirakının vacibliyini bildirib. O, bunun üçün Moskvanın danışıqlara hazır olmasının əsas şərt olduğunu vurğulayıb.