Britaniyadan ABŞ-a sərt mesaj: “Timsahı yemləməyin!”

Britaniyanın müdafiə naziri Ues Stritinq ABŞ-ni Vladimir Putinə qarşı güzəşt siyasətindən çəkinməyə çağırıb. Nazir Rusiya prezidentini sərt tənqid edərək diplomatiya ilə təcavüzkarı sakitləşdirmək arasında fərq olduğunu bildirib.

17

Böyük Britaniyanın müdafiə naziri Ues Stritinq ABŞ administrasiyasını Rusiya Prezidenti Vladimir Putinə münasibətdə güzəşt siyasətindən çəkinməyə çağırıb. Nazir diplomatik danışıqlarla təcavüzkarı sakitləşdirmək cəhdləri arasında ciddi fərq olduğunu vurğulayaraq Putini kəskin tənqid edib.

MSNews.az xəbər verir ki, Stritinq oktyabrın 22-də “BBC” telekanalının “Newsnight” proqramında çıxışı zamanı ABŞ-nin Rusiya ilə apardığı diplomatik təmaslara münasibət bildirib.

Britaniyalı nazir diplomatiyanın müəyyən nəzakət qaydaları tələb etdiyini qəbul etsə də, bunun Rusiyanın Ukraynadakı hərəkətlərinə bəraət qazandırmaq anlamına gəlməməli olduğunu bildirib.

“Diplomatik danışıqlar zamanı qarşınızdakı tərəfə nəzakət göstərmək lazım gələ bilər. Lakin təcavüzkarı sakitləşdirmək siyasəti ilə sülh prosesi arasında çox aydın sərhəd var”, – deyə Stritinq vurğulayıb.

Nazir Rusiya prezidentini sərt ifadələrlə tənqid edib:

“Özümüzü aldatmamalıyıq. Vladimir Putin soyuqqanlı qatildir. O, bunu dəfələrlə sübut edib”.

Stritinq sözlərinə əsas olaraq Ukraynada mülki əhali arasında itkiləri, Rusiyanın Avropadakı fəaliyyətini və müharibədə Rusiya ordusunun verdiyi itkiləri göstərib.

O, Ukraynadakı müharibəni mənasız adlandıraraq bunun humanitar təşəbbüs kimi təqdim edilməsini də qəbuledilməz hesab etdiyini bildirib.

“Timsahı yemləməyin”, – deyə britaniyalı nazir ABŞ tərəfinə xəbərdarlıq edib.

Bu ifadə Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçillin İkinci Dünya müharibəsi dövründə təcavüzkar dövlətlərə güzəşt siyasəti ilə bağlı səsləndirdiyi məşhur fikrə istinaddır.

Stritinqin açıqlaması ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun Putini müsbət xarakterizə etməsindən sonra səslənib. Uitkoff Rusiya prezidentini humanist şəxs kimi təqdim etmişdi. Britaniyalı nazir isə bu yanaşmaya etiraz edərək müharibənin humanitar fəaliyyət kimi qiymətləndirilə bilməyəcəyini vurğulayıb.

Bununla belə, Stritinq ABŞ-nin Rusiya ilə danışıqları tamamilə dayandırmasını tələb etməyib. O, müharibənin danışıqlar yolu ilə başa çatmasının vacibliyini qəbul edib, lakin sülh prosesinin Moskvaya birtərəfli güzəştlərlə müşayiət olunmamalı olduğunu bildirib.