İlham Əliyev millimizi təbrik etdi: “Hamını sevindirmisiniz”

Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatında Timor-Lesteni 6:0 hesabı ilə məğlub edən Azərbaycan millisinin futbolçuları ilə görüşərək onları təbrik edib.

17

Azərbaycan Prezidenti İlham Əliyev FIFA U-15 dünya çempionatı və festivalının açılış oyununda Timor-Leste yığmasını 6:0 hesabı ilə məğlub edən milli komandamızın futbolçularını təbrik edib. Dövlət başçısı gənc futbolçuların nümayiş etdirdikləri oyunu yüksək qiymətləndirib.

 

MSNews.az xəbər verir ki, oktyabrın 24-də Bakı Kristal Zalında keçirilən qarşılaşmanı Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, ailə üzvləri və FIFA prezidenti Canni İnfantino izləyiblər.

 

Qarşılaşmadan sonra dövlət başçısı Azərbaycan millisinin üzvləri ilə görüşərək onları böyükhesablı qələbə münasibətilə təbrik edib.

 

Prezident futbolçuların meydanda nümayiş etdirdikləri bacarığı və qurduqları hücum kombinasiyalarını yüksək qiymətləndirib.

 

Dövlət başçısının təqdim olunan açıqlamada belə dediyi bildirilir:

“Gözəl oyun nümayiş etdirdiniz. Bütün qollar da çox gözəl, hamısı bir-birindən gözəl idi. Görünür ki, böyük məharət və peşəkarlıq tələb edən kombinasiyalar qurulmuşdu. Ona görə hamını sevindirmisiniz”.

 

İlham Əliyev Bakıda ilk dəfə keçirilən bu miqyaslı futbol yarışının tarixdə qalacağını qeyd edib. O, Azərbaycan millisinin açılış qarşılaşmasında qazandığı inamlı qələbənin də yaddaşlarda yaşayacağını vurğulayaraq gənc futbolçulara növbəti oyunlarda uğurlar arzulayıb.

 

Qeyd edək ki, baş məşqçi Famil Xəlilovun rəhbərlik etdiyi Azərbaycan yığması turnirin AF qrupunda mübarizə aparır. Millimiz növbəti görüşlərini Andorra, Avstraliya, İsrail və Haiti komandalarına qarşı keçirəcək. Yarış oktyabrın 30-dək davam edəcək.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.