Bakıda futbol tarixində ilk dəfə təşkil olunan FIFA U-15 Dünya Çempionatı və Festivalına start verilib. Oktyabrın 24-də 189 ölkənin iştirakı ilə başlayan turnirin açılış mərasimi Bakı Kristal Zalında keçirilib. Azərbaycan millisi ilk oyununda Şərqi Timoru 6:0 hesabı ilə məğlub edib.
MSNews.az xəbər verir ki, FIFA-nın yeniyetmə futbolunun inkişafına yönəlmiş yeni layihəsi çərçivəsində təşkil olunan yarış oktyabrın 30-dək davam edəcək.
FIFA-nın rəsmi məlumatına əsasən, turnirdə iştirak edən 189 milli assosiasiyadan 78-i dünya çempionatı səviyyəli yarışda ilk dəfə təmsil olunur. Bakıya futbolçular, məşqçilər və rəsmilər daxil olmaqla 3 mindən çox iştirakçı gəlib.
Açılış mərasimi Bakı Kristal Zalında keçirilib
Oktyabrın 24-də təşkil olunan mərasim Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Təşkilat Komitəsinin sədri Samir Şərifov və FIFA prezidenti Canni İnfantino çıxış edərək yarışın əhəmiyyətindən danışıblar.
Rəsmi çıxışlardan sonra bədii proqram təqdim olunub, FIFA-nın və iştirakçı ölkələrin bayraqları arenaya gətirilib.
Azərbaycan millisi turnirə böyükhesablı qələbə ilə başlayıb
Açılış mərasimindən sonra Azərbaycan və Şərqi Timor (Timor-Leste) yığmaları üz-üzə gəlib. Bakı Kristal Zalında keçirilən qarşılaşma millimizin 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Baş məşqçi Famil Xəlilovun rəhbərlik etdiyi Azərbaycan yığması AF qrupunda mübarizə aparır. Komandamızın rəqibləri Şərqi Timor, Andorra, Avstraliya, İsrail və Haitidir.
Turnirin ilk günündə böyükhesablı nəticələr qeydə alınıb
Oktyabrın 24-də Hövsan Yarış Kompleksində 92 qarşılaşmanın keçirilməsi planlaşdırılıb. İlk oyunlarda Fransa Angilyanı 8:1, Cənubi Afrika isə Maldiv adalarını 8:0 hesabı ilə məğlub edib.
Digər diqqətçəkən nəticə Əlcəzairin Argentina üzərində 1:0 hesablı qələbəsi olub. İngiltərə Nikaraquanı, İrlandiya isə Monteneqronu 4:0 hesabı ilə üstələyib. Malavi Çin Taypeyinə, Zimbabve isə Kambocaya 3:2 hesabı ilə qalib gəlib.
FIFA turnirində fərqli oyun formatı tətbiq olunur
Yarış ənənəvi 11 nəfərlik futbol qaydalarından fərqlənir. Komandalar meydana səkkiz futbolçu ilə çıxır, qarşılaşmalar isə 20 dəqiqəlik iki hissədən ibarət olur.
Oyunlar ölçüləri kiçildilmiş meydançalarda keçirilir. Hövsan Yarış Kompleksində eyni vaxtda 20 qarşılaşmanın təşkili mümkündür.
Turnir müddətində ümumilikdə 1000-ə yaxın oyunun keçirilməsi nəzərdə tutulur. Qrup mərhələsindən sonra komandalar nəticələrinə uyğun müxtəlif səviyyələrdə mübarizəni davam etdirəcəklər.
| Tarix | Saat | Qarşılaşma |
|---|---|---|
| 25 oktyabr | 12:45 | Azərbaycan – Andorra |
| 25 oktyabr | 19:30 | Azərbaycan – Avstraliya |
| 26 oktyabr | 11:30 | İsrail – Azərbaycan |
| 26 oktyabr | 18:15 | Haiti – Azərbaycan |
Bütün qarşılaşmaların Hövsan Yarış Kompleksinin 10A meydançasında keçirilməsi planlaşdırılır. Oyun saatları Bakı vaxtı ilə göstərilib.